22 Dekabr 2024

44 günlük Vətən müharibəsi bizim şanlı tariximizdir, parlaq Qələbəmizdir

Baxmayaraq ki, Ermənistanın arxasında duran bir çox dövlətlər bizim bu işğalla barışmağımız üçün müxtəlif üsullardan istifadə edirdilər. Azərbaycan xalqı yaxşı xatırlayır, böyük dövlətlər, bu məsələni – Ermənistan-Azərbaycan münaqişəsini guya həll etməyə çalışan vasitəçilər dəfələrlə bəyan edirdilər ki, bu münaqişənin hərbi həlli yoxdur. Onu demək istəyirdilər ki, biz bu işğalla barışaq. Onların planlarında məsələni həll etmək yox, işğala son qoymaq yox, Azərbaycan torpaqlarını erməni işğalının altında əbədi saxlamaq idi. Biz bunu görürdük, bilirdik. İllər keçdikcə, hər bir danışıqlar dövrü uğursuzluqla başa çatdıqca həm Azərbaycan rəhbərliyi, həm Azərbaycan xalqı bunu əyani şəkildə görürdü. Biz isə bu vəziyyətlə barışa bilməzdik. Hələ 2003-cü ildə ilk dəfə Azərbaycan Respublikasının Prezidenti vəzifəsinə seçiləndə mən bəyan etmişdim ki, nəyin bahasına olursa-olsun, biz öz ərazi bütövlüyümüzü bərpa edəcəyik, Azərbaycanın ərazi bütövlüyü, suverenliyi danışıqlar mövzusu olmayacaq və həyat bunu göstərdi.

Biz hazırlaşırdıq, güclü ordu yaradırdıq, iqtisadi inkişafı təmin edirdik, çünki Ermənistandan fərqli olaraq heç bir kənar yerdən yardım almırdıq, ancaq öz gücümüzə güvənirdik. İqtisadi inkişaf, siyasi çəkimizin böyük olması, sözümüzü beynəlxalq tribunalarda qətiyyətlə deməyimiz, xalq-iqtidar birliyi, gənc nəslin yetişdirilməsi, cəmiyyətdə vətənpərvərlik ruhunun bərqərar olması – bütün bu amillər bizi Qələbəyə doğru aparırdı. Bütün bu amillərin cəmləşməsi bu Qələbəni mümkün etmişdir. Cəmi 44 gün ərzində düşmənin 6-7 müdafiə xəttini öz sinəsini qabağa verərək, güllə altına qoyaraq yaran bizim qəhrəman övladlarımız, hərbçilərimiz bütün dünyaya Azərbaycan xalqının əyilməz ruhunu, gücünü, iradəsini bir daha göstərmişdir. Biz düşməni kapitulyasiya aktının imzalanmasına məcbur etdik. Həmin düşmən 2019-cu ildə Xankəndidə “Qarabağ Ermənistandır və nöqtə” demişdi. Biz onu məcbur etdik ki, bu gün “Qarabağ Azərbaycandır” deyir və bundan sonra da deyəcək, öz xoşu ilə yox.

İndi Ermənistanın bəzi Qərb havadarları Ermənistandan “sülh göyərçini” düzəltmək istəyirlər. Sanki bu 30 illik işğal olmayıb, dağıntılar olmayıb, vəhşilik olmayıb, Xocalı soyqırımı olmayıb. Məscidlərimizin, qəbirlərimizin dağıdılması, bütün Qarabağın, Şərqi Zəngəzurun viran edilməsi sanki olmayıb. Yəni, bunu unutdurmaq, dünya ictimaiyyətinə unutdurmaq istəyirlər. Amma biz heç vaxt bunu unutmayacağıq və Azərbaycan xalqı heç vaxt bunu unutmamalıdır, bizdən sonra gələn nəsillər bu tarixi bilməlidirlər və heç vaxt unutmamalıdırlar. Necə ki, biz Qarabağı 30 il ərzində unutmamışdıq, necə ki, 30 il ərzində xalqımız bir nöqtəyə vuraraq bu Qələbəni yaxınlaşdırırdı. Bundan sonra da bu tarixi yaddaş heç vaxt yadımızdan çıxmamalıdır.

Bugünkü reallıq, bugünkü uğurlarımız onu göstərir ki, o, yeganə düzgün addım idi. Biz bir güllə atılmadan Ağdam, Kəlbəcər və Laçın rayonlarını işğaldan azad etmişik. Ondan sonra aparılan məqsədyönlü və düşünülmüş siyasət, qətiyyətli addımlar nəticəsində biz həm siyasi, həm strateji və hərbi-strateji mövqelərimizi böyük dərəcədə gücləndirdik, vacib olan yüksəkliklərə nəzarətimiz təmin olunandan sonra bir qrup separatçının, Qarabağda və Ermənistanda onların arxasında duranların aqibəti bəlli idi – ya Azərbaycan qanunlarına tabe olacaqlar, ya təslim olacaqlar, ya da məhv olacaqlar. Biz onlara seçim verdik və yenə də düzgün qərar qəbul etmədilər. Yenə də hesab edirdilər ki, kimsə onlara kömək edəcək, kimsə Azərbaycanı öz haqq işindən çəkindirəcək. 2023-cü ilin sentyabrında keçirilmiş cəmi bir neçə saat davam edən antiterror əməliyyatı onlara növbəti bir dərs olmuşdur və bununla da separatçılığın kökü kəsildi, kitabı bağlandı. İndi Qarabağ torpağında separatçıların izi-tozu da qalmayıb.

Biz həm Vətən müharibəsi dövründə, həm ondan sonrakı dövr ərzində, antiterror əməliyyatı zamanı və ondan sonra düşməni məcbur etdik ki, Qazax rayonunun 1990-cı illərin əvvəllərində işğal etdiyi 4 kəndini bizə qaytarsın, bu, öz xoşu ilə olmayıb. Bəli, heç bir güc tətbiq edilməmişdir, ancaq ona ehtiyac da qalmadı. İkinci Qarabağ müharibəsinin, antiterror əməliyyatının nəticələri hesab edirəm ki, Ermənistanın bu günə qədər düzgün addımlar atması üçün kifayətdir. Ancaq bir məsələ var, onu da biz unutmamalıyıq ki, bu gün bu vəziyyətlə barışmaq istəməyən anti-Azərbaycan qüvvələr, bəzi Qərb paytaxtlarında oturan islamofoblar, azərbaycanofoblar Ermənistanı yeni müharibəyə təhrik edirlər. Bu, Ermənistan dövləti üçün tam faciə ola bilər və mən dəfələrlə həm rəsmi çıxışlarımda, həm təmaslar əsnasında Ermənistan tərəfinə izah etməyə çalışırdım ki, bundan uzaq dursunlar, o fitnəyə getməsinlər. Öz maraqlarını təmin etmək üçün, onların dostları sayılan bəzi Qərb dövlətləri onları qurban verməyə hazırdırlar ki, yenə də Cənubi Qafqazda ara qarışsın, yenə də qan tökülsün, yenə də onlar bulanıq suda balıq tuta bilsinlər. Hələ ki, gec deyil, ona görə Ermənistan bu silahlandırma siyasətindən əl çəkməlidir, buna son qoyulmalıdır, mən dəfələrlə bunu demişəm və onlar bilirlər ki, mənim sözümə diqqət yetirmək lazımdır. Hələ ki, gec deyil, bundan əl çəksinlər, onlar heç vaxt bizimlə rəqabət aparmaq gücündə olmayacaqlar. Biz müharibə istəmirik. Biz istədiyimizə nail olduq, ərazi bütövlüyümüzü təmin etdik, dövlət suverenliyimizi təmin etdik. Bütün sərhədlərdə ərazi bütövlüyü təmin edilir və keçmiş məcburi köçkünlər, qaçqınlar öz dədə-baba torpaqlarına qayıdırlar.

Zəfər Günündə şəhərimizin ən gözəl yerlərindən birində Zəfər parkı açılıb. Gözəl Zəfər tağı, Zəfər abidəsi, ərazisi 10 hektara yaxın olan gözəl park, onun aşağısında Zəfər muzeyi artıq inşa edilib, onun tərtibatı gedir. Gələcəkdə Zəfər muzeyi də olacaq. Bu gözəl yerdə şəhərimizin, ən gözəl yerlərindən birində bu gün bizim parlaq Zəfərimizi əks etdirən yeni simvolumuz artıq yaradılıb. Şəhərə gedən iki yolun kəsişməsində Zəfər tağı yerləşir. Həm müasir üslubda inşa edilib, həm çox əzəmətlidir. Hündürlüyü də 44 metrdir, sütunlarının da sayı 44-dür. Bu parkda və indi tərtib olunan muzeydə bir çox önəmli rəmzlər var. Bu rəmzlər bizimlə əbədi olacaq. Bu Qələbə bizimlə əbədi olacaq. Azərbaycan xalqı bundan sonra qalib xalq, Azərbaycan dövləti müzəffər dövlət kimi yaşayacaqdır.

Jalə Mehdiyeva
Ağstafa rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı