23 Dekabr 2024

44 günlük müharibədə Bərdənin tarixini yaddaşlara həkk edən operator –Aqil Məmmədov

44 günlük Qarabağ müharibəsi Azərbaycan üçün yeni tarix yazdı. Bu savaş tarixi qələbə ilə yanaşı, həm də milli birliyimizi, vətənə olan sevgimizi bütün dünyaya bəyan etdi. Bir daha şahidi olduq ki, hər bir azərbaycanlı Qarabağ uğrunda gedən döyüşlərə atılmağa hər an hazırdır. Amma söhbət silaha sarılıb səngərə keçməkdən getmir və təbii ki, hamının silah alıb döyüşə girməsi də mümkün məsələ deyil. Mümkün olan isə o idi ki, hər bir azərbaycanlı öz sahəsində öz cəbhəsini qurdu. Bu sırada kütləvi informasiya vasitələrinin nümayəndələri də yüksək peşəkarlıq və böyük vətənpərvərlik nümayiş etdirdilər.

44 günlük müharibədə böyük qələbələri tarixin yaddaşına həkk edənlərdən biri də Aran onlayn  Televiziya və Radio Yayımlarının  operatoru Aqil Məmmədovdur. Əslində Aqil üçün müharibə səhnələri yad bir mənzərə deyil. O, müharibənin işartılarını hələ uşaqlığından görüb. I Qarabağ müharibəsi vaxtı bərdəlilərin də cani-dildən, qeyrətinə güvənib döyüşə yollandıqlarının şahidi olub. Qohumlarından , tanıdığı adamlardan şəhid olanları görüb. 30 ildən artıq davam edən müharibə onun da həyatında dərin izlər buraxıb.

Sözsüz ki, bütün bunlar Aqilin  Qarabağ hadisələrinə baxışını dəyişib, o, hansısa bir vasitə ilə qələbənin təmin olunmasında iştirak etməyi, düşməndən qisas almağı özünün ən ümdə borcu sayıb.

Bunun üçün Bərdə xəstəxanasına çatdırılan yaralılara qan verib. Hətta deməyinə görə atəş altından çıxıb ayaqyalın,başı açıq adamlara dost tanışlarla birgə pul yığıb , yardımlar da təşkil ediblər.  

2017-ci ildən taleyini Aran TV –yə bağlayan Aqil Məmmədov  artıq 4  ildir ki, burada operator vəzifəsində işləyir. Bu illər ərzində o, Qarabağda baş verən bir çox hadisələrin şahidi olub. Amma özü söylədiyi kimi, bu 4 ilin  44 günündə daha çox iş görüb. Arxa cəbhədə insanların fədəkarlığını, İcra Hakimiyyəti orqanlarının, Hüquq Mühafizə Təşkilatlarının, idarə , müəssisə rəhbərlərinin müharibədəki fəaliyyəti, şəhidlərin dəfn mərasimlərini, Bərdə terrorunu, Qarayusifli kəndinin raketlərdən hücuma məruz qalmasını kameranın yaddaşına köçürməklə Bərdənin 44 günlük müharibədə arxivinin  yaranmasında iştirak edib.

“Bəzən gözlərimin önünə Bərdənin iki yerində eyni zamanda düşən raketlər gəlir. İnsanlar tikə-parça olub, maşınlar yanıb, tüstülənir. Fəryadlardan qulaq tutulur. Bunları kameranın yaddaşına köçürmək çox çətindir. Həm görünən mənzərəni seyr eləmək üçün əsəblər dözməlidir, həm də növbəti raket hücumu ola bilər. Hər iki halda işləməyə cəsarət tələb olunur. Çətin olsa da biz peşəmizi yerinə yetirdik. Çünki, başa düşürdük ki, gələcəkdə bu kadrlar sənəd kimi xalqımızın xeyrinə yaraya bilər” deyə operator Aqil Məmmədov deyir.

Sonda qeyd edək ki, AranTV –nin çəkiliş qrupu Bərdə rayonunda baş verən hadisələrin əksəriyyətini kameranın yaddaşına köçürüb. Şəhidlərin dəfnində iştirak etməklə mərasimləri çəkib.Mütəmadi olaraq şəhid ailələrinə baş çəkiblər. Şəhidlərin ad günlərindən, şəhid adına bulaqların açılışından  videreportaşlar hazırlayıblar.

Media1.az