20 Aprel 2024

44 günə fəth olunan ZƏFƏR ZİRVƏSİ

DTX rəisi Əli Nağıyev “Zəfər Günü” ilə bağlı məqalə ilə çıxış edib. Məqalə “Azərbaycan” qəzetində dərc edilib.

Media1.az Musavat.com-da gedən  yazının aktuallığını və günün əhəmiyyətini nəzərə alaraq məqaləni oxuculara təqdim edir:

“Azərbaycan 44 gün ərzində parlaq qələbə qazanaraq Ermənistanı məğlub etdi, işğala son qoydu. Bu 44 günün hər günü bizim şanlı tariximizdir”.

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

Əsrlər boyu Azərbaycan xalqı bir çox tarixi günlərə şahidlik etmiş, ağrılı-acılı dönəmlərlə yanaşı, qürurverici və sevincli anlarla dolu məqamlar yaşamışdır. Lakin əminliklə demək olar ki, Vətən müharibəsində qazanılan şanlı Qələbə zəngin tariximizin ən parlaq səhifəsi, indiki və gələcək nəsillərin hər zaman fəxr edəcəyi və iftixar duyacağı qəhrəmanlıq salnaməmizdir. 

Ötən əsrin 80-ci illərinin sonlarında və 90-cı illərinin əvvəllərində dünyada və xüsusən də regionda geosiyasi vəziyyətin mürəkkəbləşməsi Azərbaycan üçün Qarabağ ətrafında başlanan təlatümlü hadisələrlə, uzun illər ərzində Ermənistanın Vətənimizin bu tarixi ərazisinə olan əsassız iddialarının baş qaldırması ilə müşayiət olunmuşdur. Xarici himayədarlarının dəstəyinə arxalanan və bölgədə yaranmış qarışıqlıqdan istifadə edən Ermənistan illərdir hazırladığı məkrli planlarını həyata keçirmək üçün Azərbaycana qarşı hərbi təcavüz aktını həyata keçirməyə başlamışdır. Respublikamızın ərazi bütövlüyünün pozulması ilə nəticələnən Birinci Qarabağ müharibəsi zamanı Azərbaycan öz torpaqlarının 20 faizini itirmək məcburiyyətində qaldı, 1 milyona yaxın vətəndaşımız doğma yurd-yuvasından didərgin düşdü. Orduda maddi-texniki təchizatın aşağı olmasına, vahid rəhbərliyin olmamasına rəğmən bu savaşda Vətənimizin igid övladları Azərbaycanın suverenliyi naminə son damla qanına kimi vuruşaraq torpaqlarımızın toxunulmazlığı uğrunda canlarını fəda etmişlər. 

Müharibə başladığı ilk gündən təhlükəsizlik orqanlarının əməkdaşları da doğma Vətənin müdafiəsinə qalxmış, döyüş meydanında əsl fədakarlıq nümunələri göstərmişlər. Birinci Qarabağ müharibəsində bu orqanın altı əməkdaşının “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülməsi deyilənlərin əyani təzahürüdür. Müqəddəs amal uğrunda qəhrəmancasına şəhid olmuş əməkdaşlarımızın əziz xatirəsi qəlbimizdə əbədi yaşayacaqdır!
Azərbaycan xalqına qarşı xüsusi amansızlıqla törədilən, kütləvi qətliam və soyqırımlarla qan yaddaşımıza həkk olunan bu müharibədə ərazilərimizin itirilməsinə xarici təzyiqlərlə bərabər Azərbaycanın ovaxtkı siyasi rəhbərliyinin səriştəsizliyi, ölkəni idarə edə bilmək qabiliyyətində və bacarığında olmaması, yalnız şəxsi mənafeləri güdərək hakimiyyəti öz əlində saxlamağı məqsəd kimi görməsi də şərait yaratmışdır. 1991-1993-cü illər ərzində respublikada cərəyan edən xaos, anarxiya və hökm sürən siyasi böhran ölkəni vətəndaş müharibəsi və yenicə qazanılan müstəqilliyin itirilməsi təhlükəsi ilə üz-üzə qoymuş, Azərbaycanın milli təhlükəsizliyi ciddi risk altına düşmüşdür. 

Lakin 1993-cü ilin iyun ayında xalqın təkidli və israrlı tələbi ilə ikinci dəfə siyasi hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev özünün uzaqgörənliyi, dərin zəkası, dəmir iradəsi və liderlik keyfiyyəti sayəsində ölkəni bu ağır vəziyyətdən çıxara bildi, dövlətin təhlükəsizliyinə qarşı yönələn xarici və daxili təhdidlərin qarşısını qətiyyətlə almağa və qazanılan müstəqilliyi qoruyub saxlamağa müvəffəq oldu. Ümummilli Liderin misilsiz səyləri və gərgin əməyi ilə 1994-cü ilin may ayında təcavüzkar dövlətlə atəşkəs razılaşması əldə olunduqdan sonra ölkədə ictimai-siyasi sabitlik bərqərar edildi. Qısa zaman ərzində qəbul edilən müdrik siyasi qərarlarla, gerçəkləşdirilən mühüm iqtisadi layihələrlə Azərbaycan dahi şəxsiyyət Heydər Əliyevin rəhbərliyi altında sülh və əmin-amanlıq şəraitində davamlı inkişaf yoluna qədəm qoydu. 

Ümummilli Lider Heydər Əliyevin başladığı siyasi və iqtisadi islahatları uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uzun illər ərzində məharətlə və yüksək peşəkarlıqla həyata keçirdiyi diplomatik fəaliyyəti boyunca Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində torpaqlarımızın bir hissəsinin itirilməsi, vətəndaşlarımızın öz doğma yurdlarından qovularaq qaçqın və məcburi köçkün halına salınması, qarşı tərəfin təcavüz və təhdid ritorikasını sürdürməsi barədə bəyanatlar mötəbər təşkilatların kürsüsündən və beynəlxalq əhəmiyyətli tədbirlərdə davamlı olaraq səsləndirilmiş, münaqişənin dinc yolla həllinə nail olunması üçün bütün mümkün siyasi vasitələrdən istifadə edilmişdir. Həmçinin 1992-ci ildə konfliktin danışıqlar yolu ilə həllində vasitəçilik missiyasını yerinə yetirmək üçün təsis olunmuş Minsk qrupu münaqişənin dayandığı nöqtədə qalmasında əsas pay sahibi olmuş, qurumun fəaliyyətsizliyi və səmərəsizliyi mövcud vəziyyətin dayanıqlı olmasını şərtləndirmişdir. Prezident İlham Əliyev 2020-ci ilin 12 dekabr tarixində Minsk qrupunun həmsədrlərini qəbul edərkən demişdir: “Təəssüflər olsun ki, Minsk qrupu münaqişənin həllində heç bir rol oynamayıb. Halbuki bunu etmək üçün Minsk qrupu 28 il ərzində müvafiq mandata sahib idi. Mən son 17 il ərzində danışıqlarda iştirak etmişdim. Lakin müharibə zamanı dediyim kimi Minsk qrupunun ideyalarla çıxış etmək və yaradıcı olmaq istiqamətində müəyyən fəaliyyəti olsa da, bunlar heç bir nəticə verməmişdir. Reallıq bundan ibarətdir”. 

Ötən 30 ilə yaxın müddətdə Ermənistanın cəbhəboyu təxribatları mütəmadi xarakter almış, bu təxribatlar müəyyən dövrlərdə hərbi qulluqçularımızın və mülki əhalinin sırasından itkilərə, eyni zamanda sağlamlığa ciddi ziyan vurulmasına səbəb olmuşdur. Ermənistan silahlı qüvvələrinin 2016-cı ilin aprel, 2020-ci ilin iyul aylarında ordumuza qarşı Ermənistan-Azərbaycan sərhədində törətdiyi təxribatların qarşısı qətiyyətlə alınmış, düşmən xeyli sayda itki verməyə məcbur olmuşdur. 2020-ci ilin avqust ayında Ermənistanın diversiya qrupunun təmas xəttini keçərək terror aktları törətmək kimi düşmənin daha bir məkrli planı iflasa uğramışdır. 

Son illər ərzində beynəlxalq hüquq normalarına zidd olan bu cinayətkar əməllərin törədilməsi ilə yanaşı, Ermənistan rəhbərliyinin müharibə ruhlu çıxışları, işğal altında olan ərazilərə qeyri-qanuni səfərlər etməsi, Ermənistanın hazırkı baş nazirinin “Qarabağ Ermənistandır və nöqtə” deməklə provokativ çıxışlara yol verməsi və təxribat dolu bəyanatlar səsləndirməsi, bu ölkənin ozamankı müdafiə nazirinin “yeni ərazilər uğrunda yeni müharibə” çağırışı, işğal altında olan ərazilərimizdə yerləşən separatçı quldur dəstəsinin başçısının Şuşada inaqurasiya mərasiminin və qanunsuz “parlamentin” Xankəndidən Şuşaya keçirilməsi ilə bağlı spekulyativ qərarların verilməsi və bununla da münaqişənin həlli ilə bağlı qeyri-konstruktiv mövqeyin davam etdirilməsi illərdir sürən sülh danışıqları prosesini sıfır nöqtəsinə gətirmiş oldu.

Xalqımız işğalçı ölkənin baş nazirinin milli heysiyyətimizə toxunan çıxışları qarşısında “Qarabağ Azərbaycandır və Nida işarəsi” deyən Prezidentinə, Ali Baş Komandanına inanır, ordusunun gücünə və rəşadətinə güvənirdi. Beləliklə, son dönəmlərdə münaqişə bölgəsində yaradılan gərginliklərlə, atılan qıcıqlandırıcı addımlarla, rəsmi şəxslərinin səsləndirdikləri fikir və bəyanatları ilə müharibəyə hazırlaşdığı açıq-aydın sezilən Ermənistan 2020-ci il sentyabr ayının 27-də cəbhə xətti boyunca Azərbaycana qarşı genişmiqyaslı təxribat törətməklə xalqımızın 30 illik səbir kasasını daşırdı. Silahlı Qüvvələrimizin Müzəffər Ali Baş Komandanının rəhbərliyi altında qüdrətli Azərbaycan Ordusu dövlətimizin başçısı tərəfindən “Dəmir yumruq” adlanan əks-hücum əməliyyatına – Vətən müharibəsinə başladı. Cəmi 44 gün ərzində Ali Baş Komandan cənab İlham Əliyevin yüksək sərkərdəlik məharəti, qəhrəman oğullarımızın igidliyi və şücaəti sayəsində yenilməz Azərbaycan Ordusu tarixi missiyanı uğurla başa vuraraq düşməni diz çökdürdü, 8 noyabr tarixində hər bir azərbaycanlının qürur yeri olan Şuşa şəhərini azad etməklə müharibənin məntiqi sonluğunu vurmuş oldu və Ermənistan kapitulyasiya aktını imzalamağa məcbur qaldı. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqa müraciətində demişdir: “Bu bəyanat bizim şanlı qələbəmizdir. Şadam ki, bu gün bu müjdəni Azərbaycan xalqına verirəm. Hesab edirəm ki, bu bəyanatın imzalanmasının səbəblərindən biri də dünən qeyd etdiyimiz parlaq qələbəmizdir, tarixi qələbəmizdir, Şuşanın işğaldan azad edilməsidir, Şuşa Qarabağın tacıdır! Şuşanın azad edilməsi həm böyük siyasi, həm böyük strateji, eyni zamanda çox böyük mənəvi məna daşıyır. Biz Şuşaya qayıtdıq, biz Şuşanı qaytardıq, biz Şuşada yaşayacağıq və işğaldan azad edilmiş digər bütün torpaqlarda həyat qaynayacaq. İnsanlar o torpaqlara qayıdacaq, orada yaşayacaq, insanlarımızın 30 illik həsrətinə son qoyulur”.
Döyüş əməliyyatlarının aparıldığı bütün müddət ərzində cəmiyyətimizin nümayiş etdirdiyi möhtəşəm səfərbərlik və vətənpərvərlik ruhu xalqımızın Ali Baş Komandanın ətrafında sıx birləşməsinin bariz ifadəsi olmaqla yanaşı, eyni zamanda Azərbaycanın bütün dünyaya ciddi mesajı kimi qəbul edildi. Dövlət başçısının çağırışına səs verən on minlərlə vətənpərvər gəncin Vətən torpaqları uğrunda döyüşmək üçün könüllü cəbhəyə yollanması, müharibədə əsgər və zabitlərimizin göstərdiyi şücaətlər xalqımızın qəhrəmanlıq nümunələri hesab olunur. Bu gün hamılıqla etiraf edilir ki, 44 günlük müharibədə xalqın və ordunun Ali Baş Komandana dərin inamı Vətən müharibəsinin tarixi qələbə ilə başa çatmasında mühüm rol oynamışdır. Şəhər və kəndlərimizin düşməndən azad edilməsi barədə məlumatların mütəmadi olaraq cənab Prezident tərəfindən əhaliyə çatdırılması ordumuzu və xalqımızı daha böyük uğurlara səsləmişdir.

Doğma Qarabağın, onun dilbər guşəsi olan Şuşa şəhərinin azad edilməsi və Vətən müharibəsinin tarixi qələbə ilə başa çatması hər bir Azərbaycan vətəndaşının qəlbində böyük qürur və iftixar hissi yaratmışdır. Ulu Öndərin vəsiyyətini layiqincə yerinə yetirən Ali Baş Komandanımızın Şuşanın azad olunması xəbərini müqəddəs məkanımız olan Şəhidlər xiyabanında xalqa müraciətində bütün dünyaya bəyan etdiyi zaman dediyi sözlər illərin həsrətinin bitdiyi an, Zəfər tariximizə vurulan möhür oldu. Prezident İlham Əliyev xalqa müraciətində demişdir: “Mən bu gün, eyni zamanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır bu gün! Gözün aydın olsun, Azərbaycan! Gözünüz aydın olsun “dünya azərbaycanlıları!”

Ulu Öndər hər zaman ictimaiyyət nümayəndələri, qaçqın və məcburi köçkünlərlə görüşlərində Qələbə gününün elə də uzaqda olmadığını, itirilmiş torpaqlarımızın işğaldan azad ediləcəyinə, vətəndaşlarımızın düşmən tapdağı altında qalmış həmin ərazilərə tezliklə qayıdacağına dərin inamını ifadə edir, xalqımızın həsrətinə tez bir zamanda son qoyulacağına əminliyini bildirirdi: “Arzu edirəm ki, sizinlə birlikdə yenidən Şuşaya gedək. İnanıram ki, biz gedəcəyik. Buna inanın. Şuşa təkcə şuşalılar üçün deyil, hər bir azərbaycanlı üçün əziz bir anlayışdır, deyə bilərəm ki, Azərbaycanın gözüdür, hər bir azərbaycanlı üçün iftixar mənbəyidir. Ona görə də Şuşa təkcə yaşayış məkanı deyildir. Şuşa bizim milli rəmzimizdir, mədəniyyətimizin, tariximizin rəmzidir. Şuşa hamı üçün əzizdir. Amma tək Şuşa yox, Laçın dağları da əzizdir. Laçın Azərbaycanın ən yüksək dağları, gözəl, səfalı meşələri, bulaqları, çayları olan bir diyarımızdır. Biz heç vaxt Laçınsız yaşaya bilmərik. Ağdam kimi gözəl bir şəhər, məkan, bağ-bağat, gözəl yer, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcərin o yüksək dağları, çeşmələri, İstisuyu – biz onlarsız heç vaxt yaşaya bilmərik. Heç vaxt Azərbaycanı bu gözəl guşələrsiz təsəvvür edə bilmərik”.

Müharibə gedişatında Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Şuşa şəhərlərini, dörd qəsəbə ilə yanaşı, 300-ə yaxın kənd və bir sıra strateji əhəmiyyətli yüksəklikləri düşmən tapdağından azad edən ordumuz Ali Baş Komandanın rəhbərliyi altında hərb sahəsində yeni döyüş strategiyasının əsasını qoydu. Silahlı Qüvvələrimiz sahib olduğu yeni nəsil silahları döyüş meydanında məharətlə tətbiq edərək XXI əsrin işğal altında olan torpaqların azad edilməsi uğrunda aparılan müharibə formasını bütün bəşəriyyətə nümayiş etdirdi. Azərbaycan Ordusu Vətən müharibəsində qazandığı qələbəsi ilə dünyanın ən güclü, müasir, hazırlıqlı, yüksək döyüş qabiliyyətinə malik orduları sırasında layiqli yer tutduğunu əyani şəkildə sübuta yetirdi. Əbəs yerə deyil ki, hazırda dünyanın aparıcı hərbi müəssisələrində Vətən müharibəsinin aparılmasının forma və qaydaları dərindən öyrənilməkdədir.

Vətən müharibəsi dövründə və sonrakı vaxtlarda cənab Prezidentin rəhbərliyi altında Ermənistanın işğalçı siyasətinin ən mötəbər beynəlxalq tədbirlərdə tutarlı şəkildə ifşa edilməsi diplomatiyamızın böyük uğurları sırasındadır. 2020-ci ilin noyabr və dekabr aylarında müəyyən növbəliklə Ağdam, Kəlbəcər, Laçın rayonları Azərbaycana qaytarıldıqdan sonra cari ilin avqust ayının 26-da Laçın şəhərinin, Zabux və Sus kəndlərinin Azərbaycan Ordusunun nəzarətinə keçməsi isə dövlətimizin başçısının düşmən üzərində növbəti diplomatik qələbəsi və yürütdüyü uğurlu siyasi kursun  təntənəsi idi.

44 günlük Vətən müharibəsində şanlı Qələbənin qazanılmasında digər aidiyyəti güc strukturları ilə yanaşı, Dövlət Təhlükəsizliyi Xidmətinin fədakar əməkdaşlarının da danılmaz payı vardır. Haqq savaşımızın başlandığı ilk gündən etibarən Xidmətin şəxsi heyəti düşmənlə mübarizə işinə səfərbər olunmuş, əsgər və zabitlərimizin müəyyən marşrutlar üzrə hərəkətinin təhlükəsizliyini, silahlı qüvvələrimizi qabaqlayıcı əməliyyat və əks-kəşfiyyat məlumatları ilə təmin etmək vəzifəsini uğurla icra etmişdir. Böyük iftixarla qeyd edirik ki, bu gün Dövlət Təhlükəsizliyi Xidmətinin sıralarında 6 Vətən Müharibəsi Qəhrəmanı xidmət edir. Şəxsi heyətin müharibə zamanı ön və arxa cəbhədə göstərdiyi fədakarlığa verilən yüksək qiymət Dövlət Təhlükəsizliyi Xidmətinin 7 əməkdaşının “Zəfər”, 11 əməkdaşının “Qarabağ” ordeninə, xeyli sayda əməkdaşın başqa orden və medallara layiq görülməsində öz məntiqi ifadəsini tapır. 

Qürurla bildiririk ki, Müzəffər Ali Baş Komandanımızın qətiyyətli idarəçiliyi altında Dövlət Təhlükəsizliyi Xidməti düşmənin ölkəmizin ərazisində törətmək istədiyi terror-təxribat planlarının və niyyətlərinin qarşısının alınması istiqamətində bütün qüvvə və vasitələrini səfərbərliyə almaqla ordumuzun qalibiyyəti üçün həvalə olunmuş səlahiyyətlər çərçivəsində hərtərəfli dəstək göstərmiş, Ali Baş Komandanın bütün göstəriş və tapşırıqlarını peşəkarlıqla yerinə yetirmişdir. Bununla yanaşı, Ermənistandan Azərbaycana qarşı kiber məkanda və informasiya təhlükəsizliyi sahəsində də genişmiqyaslı təhdidlər olmuş və dezinformasiya fəaliyyəti aparılmış, belə cəhdlərin də qarşısı uğurla alınaraq, düşmənə qarşı əks həmlələr müvəffəqiyyətlə həyata keçirilmişdir. Vaxtında əldə olunmuş kəşfiyyat məlumatları düşmənin əks-hücumlarının qarşısının alınmasında, Silahlı Qüvvələrimiz tərəfindən uğurlu hərbi əməliyyatların keçirilməsi və ayrı-ayrı yaşayış məntəqələrimizin az itki ilə düşməndən azad edilməsində həlledici rol oynamışdır. 

Müharibə dövründə Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən İraq və Suriyadan gətirilmiş, terror qruplaşması ilə əlaqəli olan şəxslərin radio danışıqlarının əldə olunması, döyüşlərdə iştirak edən livanlı muzdlu-terrorçunun saxlanılaraq məsuliyyətə cəlb edilməsi Azərbaycana qarşı aparılan hərbi əməliyyatlarda müəyyən maddi qarşılıq müqabilində düşmən tərəfində xarici vətəndaşların iştirakını təsbit edən faktlar kimi vurğulanmalıdır. 
Müharibədən sonrakı dövrlərdə ağır məğlubiyyətdən dərs çıxarmayan erməni silahlı birləşmələrinin törətdikləri təxribatların qarşısının alınması məqsədilə 2020-ci ilin dekabr ayında Xocavənd rayonunun Hadrut qəsəbəsində və 2022-ci ilin mart ayında Xocalı rayonunun Fərrux yüksəkliyində Dövlət Təhlükəsizliyi Xidmətinin xüsusi təyinatlı qüvvələrinin keçirdikləri uğurlu antiterror əməliyyatları, həmçinin 2021-ci ilin may ayında Kəlbəcər rayonunun Dəmirdağ yüksəkliyində Azərbaycan Ordusunun təminat yollarını minalayan Ermənistanın kəşfiyyat-diversiya qrupunun terrorçuluq fəaliyyətinin qarşısının alınması əməliyyatı da xüsusilə qeyd edilməlidir.

Azərbaycanın illərdir Ermənistanın işğalı altında qalan ərazilərini azad etməsi əməliyyatına hər cür maneçilik törədilməsini qarşısına məqsəd qoymuş bir sıra xarici dairələrin müharibə dövründə hadisələri manipulyasiya cəhdləri boşa çıxdı. Döyüş meydanında gedən gərgin savaşın fonunda informasiya mübarizəsi çərçivəsində də düşmən tərəfindən ölkəmizə qarşı çirkin piar kampaniyası aparılır, Dağlıq Qarabağ münaqişəsinin alovlanması, Vətən müharibəsinin gedişatı barədə uydurma və yalan informasiyaların beynəlxalq cəmiyyətə çatdırılmasına çalışılırdı. Lakin düşmən döyüş meydanında olduğu kimi informasiya mübarizəsi sahəsində də uğursuzluğa düçar olmuşdur. Dövlətimizin başçısı cənab İlham Əliyev qalib sərkərdə olmaqla yanaşı, düşmənə qarşı informasiya müharibəsində də baş rolda çıxış edirdi. Müharibənin getdiyi dövrdə ölkə Prezidenti 30-a yaxın xarici kütləvi informasiya vasitələrinə müsahibələrində Dağlıq Qarabağ münaqişəsinin tarixi və Azərbaycanın apardığı Vətən müharibəsinin gedişi barədə həqiqətləri dünyaya bəyan edir, ona ünvanlanan bəzi təxribat xarakterli suallara yüksək diplomatik məharətlə cavab verirdi. Eyni zamanda bu müsahibələrdə Prezident İlham Əliyev qardaş Türkiyə Respublikasının müharibə boyu Azərbaycana verdiyi dəstəyi də xüsusilə vurğulayırdı. 
Təbii ki, şanlı Zəfərin əldə olunmasında qardaş Türkiyə xalqının və dövlətinin müharibənin başlandığı ilk gündən canı və qanı ilə bağlı olduğu Azərbaycana göstərdiyi siyasi və mənəvi dəstəyi xüsusi olaraq qeyd etməliyik. Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan başda olmaqla qardaş ölkənin digər rəsmi şəxslərinin Azərbaycanın ərazi bütövlüyünü təmin etməsi yolunda apardığı savaşın onun haqq işi olduğunu və dəstəyin sona qədər göstəriləcəyini bəyan edən fikirlər səsləndirmələri və bəyanatlar vermələri bu müqəddəs missiyanın uğurla başa çatdırılmasında mühüm rol oynamışdır. 
Vətən müharibəsindən sonra hər iki dövlətin sarsılmaz birliyinin daha bir təcəssümü kimi Türkiyə və Azərbaycan prezidentlərinin 2020-ci ilin dekabr ayında Bakı şəhərində, Azadlıq meydanında keçirilən Zəfər paradında birgə iştirakı da bütün dünyaya Türkiyə-Azərbaycan qardaşlığını və dostluğunu bir daha göstərdi.

2021-ci ilin 15 iyun tarixində Şuşa şəhərində imzalanan müttəfiqlik münasibətləri haqqında Bəyannamə isə Azərbaycan və Türkiyə arasında strateji tərəfdaşlığı, xalqların maraq və mənafelərinin qorunmasını, iki dövlətin bir-birilərinin müstəqilliyinə, ərazi bütövlüyünə, təhlükəsizliyinə qarşılıqlı hərtərəfli dəstəyin göstərilməsini, bütün önəmli sahələr üzrə ikitərəfli əlaqələrin inkişaf etdirilməsinin vacibliyini rəhbər tutmaqla mövcud münasibətlərə yeni çalar verdi. Bəyannamədə Azərbaycanın və Türkiyənin milli təhlükəsizlik məsələləri ilə bağlı məsləhətləşmələrin aparılması üçün mütəmadi qaydada birgə iclaslarının keçirilməsinin nəzərdə tutulması dövlətlərin təhlükəsizliyinin təminatı üzrə qarşılıqlı əlaqələri daha yüksək səviyyəyə qaldırmışdır. 

Hazırda Prezident İlham Əliyevin rəhbərliyi altında müasir və müstəqil Azərbaycan özünün ən qüdrətli dövrünü yaşayır. Vətən müharibəsində qazanılan, tariximizə qızıl hərflərlə yazılan Zəfərimiz Azərbaycanın nə dərəcədə sarsılmaz dövlət olduğunu, xalqımızın əzmini və həmrəyliyini bütün dünyaya nümayiş etdirdi. Dövlətimizin başçısının da dediyi kimi, biz bu torpaqları danışıqlar yolu ilə yox, şəhidlərimizin canı, qanı bahasına geri aldıq. Hər birimiz Vətən müharibəsində qazanılan tarixi qələbəyə görə şəhidlərimizə, bu yolda sağlamlıqlarını itirmiş müharibə iştirakçılarına borcluyuq. 

Qeyd etmək lazımdır ki, Vətən müharibəsi dövründə əsir və itkin düşmüş hərbi qulluqçularımızın qaytarılması və axtarışı üzrə də lazımi işlər görülmüş və bu fəaliyyət hazırda da davam etdirilməkdədir. Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası tərəfindən aidiyyəti dövlət orqanları və beynəlxalq qurumlarla əməkdaşlıq çərçivəsində həyata keçirilən operativ və təxirəsalınmaz tədbirlər nəticəsində 12 hərbçimizin döyüş əməliyyatlarının gedişində yaralanaraq əsir götürüldüyü məlum olmuş və beynəlxalq təşkilatların vasitəçiliyi ilə onlar qısa müddətdə azad edilərək Vətənə qaytarılmışlar. Lakin təəssüflər olsun ki, 6 hərbi qulluqçumuzun taleyi hələ də qeyri-müəyyən olaraq qalmaqdadır və onların axtarışı prosesi hazırda aktiv şəkildə davam etdirilir. İnanırıq ki, onların yaxınlarının və ailə üzvlərinin həsrətinə tez bir zamanda son qoyulacaq və hərbçilərimizin taleyinə tezliklə aydınlıq gələcəkdir.

Bu gün şəhid ailələrinin və müharibə iştirakçılarının üzləşdikləri çətinliklərin və problemlərin həlli, onları narahat edən məsələlərə xüsusi diqqət və qayğı göstərilməsi dövlət başçısının yürütdüyü sosialyönümlü siyasətin mərkəzində dayanan prioritet vəzifədir. Digər dövlət qurumları kimi öz səlahiyyətləri çərçivəsində Dövlət Təhlükəsizliyi Xidməti də bu yönümdə müəyyən fəaliyyət həyata keçirir, qeyd olunan kontingentə aid vətəndaşların Xidmətə etdikləri müraciətlərə xüsusi həssaslıqla yanaşılır, həlli yönümündə zəruri əməli addımlar atılır. Eyni zamanda qeyd etmək istərdik ki, Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən bu kateqoriyadan olan vətəndaşlarımızla mütəmadi görüşlər keçirilir, onların sosial problemlərinin həlli üçün müvafiq kömək göstərilir. Bununla yanaşı, Dövlət Təhlükəsizliyi Xidmətində çalışmaq istəyi ilə müraciət edən şəhid ailə üzvlərinin, müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin, müharibə veteranları və iştirakçılarının Xidmətdə işlə təmin olunması istiqamətində də müvafiq tədbirlər görülməkdədir.

Beləliklə, bu il Azərbaycan xalqı iki il bundan əvvəl tarixinə ən şanlı gün kimi düşmüş, Prezident İlham Əliyevin 3 dekabr 2020-ci ildə imzaladığı müvafiq sərəncamla Azərbaycan Respublikasında Zəfər Günü elan etdiyi 8 noyabr tarixinin növbəti ildönümünü böyük sevinc və fəxarətlə qeyd edir. Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında qazanılan bu qələbə ilə Azərbaycan xalqı qüdrətli xalq olduğunu, Azərbaycan dövləti qalib dövlət olduğunu bütün dünyaya göstərdi. Dövlətimizin başçısının da dediyi kimi, bu gün Azərbaycan xalqı müzəffər xalq kimi yaşayır. Bu gün Azərbaycan dövləti qalib dövlət kimi yaşayır. Biz bundan sonra müzəffər xalq və qalib dövlət kimi əbədi yaşayacağıq! 

Qətiyyətlə inanırıq ki, “Düşməni torpaqlarımızdan qısa müddət ərzində qovduğumuz kimi, Qarabağı da qısa müddətdə bərpa edəcəyik” söyləyən Prezident İlham Əliyevin rəhbərliyi və birbaşa nəzarəti altında intensiv şəkildə genişmiqyaslı bərpa-quruculuq işlərinin aparıldığı və vətəndaşlarımızın Böyük qayıdışının həyata keçirildiyi Qarabağımız tezliklə keçmiş əzəmətini qaytararaq dünyanın ən çox ziyarət olunan və ən abad yerlərindən birinə çevriləcəkdir. 

Ermənistanda revanşist hisslərlə yaşayan qüvvələr və onlara havadarlıq edən xarici dairələr isə regionda yaranmış yeni reallıqları qəbul etməli, Azərbaycanın təhlükəsizliyinə risk yaradacaq bütün çirkin əməllərdən çəkinməlidirlər. Əks halda nəzərə almalıdırlar ki, dövlət başçısının dediyi kimi, “Dəmir yumruq yerindədir!”: “Erməni faşizmi məhv edilib, ancaq onun təzahürləri görünməkdədir. Bu, çox təhlükəli tendensiyadır, ilk növbədə, Ermənistan dövləti üçün. Mən bunu demişəm, bir daha deyirəm, əgər biz görsək ki, erməni faşizmi baş qaldırır, əgər biz görsək ki, xalqımıza, dövlətimizə yeni təhlükə mənbəyi yaranır, heç tərəddüd etmədən erməni faşizminin başını bir daha əzəcəyik. Bunu hər kəs bilsin! Müharibənin və Qələbənin rəmzi olan “Dəmir yumruq” yerindədir, bunu heç kim unutmasın!”.  

Bu gün “Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında” Azərbaycan Respublikası Prezidentinin 29 oktyabr 2020-ci il tarixli fərmanına uyğun olaraq,  44 günlük Vətən müharibəsi zamanı azad olunmuş torpaqlarda yaradılmış Dövlət Təhlükəsizliyi Xidmətinin yerli idarə və şöbələri tərəfindən xidməti fəaliyyətdən irəli gələn vəzifələr uğurla icra olunur, əməliyyat şəraiti daim nəzarətdə saxlanılmaqla təhlükəsizliyin etibarlı təminatı məqsədilə kəsərli tədbirlər görülür. Ölkə Prezidentinin hər zaman diqqət və qayğısını hiss edən Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşlarının respublikamızın digər şəhər və rayonlarında olduğu kimi işğaldan azad olunmuş torpaqlardakı ərazi orqanlarında da öz xidmətlərini daha səmərəli, çevik və operativ təşkil etmələri üçün hərtərəfli şərait yaradılmış, maddi-texniki təchizat ən yüksək səviyyədə təmin olunmuşdur. Bu bir daha Ali Baş Komandan cənab İlham Əliyevin Dövlət Təhlükəsizliyi Xidmətinin şəxsi heyətinə göstərdiyi etibarın və etimadın bariz təcəssümüdür. 

Dövlətimizin başçısını və xalqımızı əmin edirik ki, Dövlət Təhlükəsizliyi Xidmətinin şəxsi heyəti dövlətimizin ərazi bütövlüyünə, suverenliyinə, ölkədəki ictimai-siyasi sabitliyə və təhlükəsizlik mühitinə yönələn hər cür təhdidlərin qarşısını bundan sonra da qətiyyətlə alacaq, doğma Vətənin qorunması və müdafiəsi yolunda ümdə vəzifələrin lazımi səviyyədə icrası üçün bundan sonra da bütün qüvvə və vasitələrini səfərbər edəcək, xidməti borclarını layiqincə və vicdanla yerinə yetirərək, dövlətçiliyimizin və müstəqilliyimizin keşiyində daim ayıq-sayıq, sərvaxt duracaqdır!      

Əli Nağıyev (general) — Vikipediya

Əli NAĞIYEV,
Azərbaycan Respublikası  Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik