22 Dekabr 2024

44 gün ərzində davam edən Vətən müharibəsində ədalət təmin edildi

2020-ci il 27 sentyabr… Bu müasir Azərbaycan tarixində yeni eranın başlanğıcı oldu. Bu tariximizə şərəflə yazılan Zəfər erasıdır. Elə həmin gün ilk qələbə xəbəri ilə xalqımız müjdələndi. Şanlı Azərbaycan Ordusu 2020-ci il 27 sentyabr tarixində bir sıra yaşayış məntəqələrimizi, o cümlədən Cəbrayıl rayonunun Böyük Mərcanlı və Nüzgar kəndlərini azad etdi. Bu böyük qələbənin ilk müjdəsi idi.

Azərbaycanın Silahlı Qüvvələri 2020-ci ilin sentyabrın 27-dən noyabrın 10-dək davam edən müharibədə Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə bütün döyüş əməliyyatlarını yüksək səviyyədə həyata keçirməklə mənfur düşməni diz çökdürdü, şanlı Zəfər qazandı və tarixi ədaləti, ölkəmizin ərazi bütövlüyünü bərpa etdi. Ötən hər gün bizi Vətən müharibəsindən zaman etibarilə uzaqlaşdırsa da, hərbçilərimizin şücaəti, canı, qanı bahasına qazanılan bu qələbə hər bir azərbaycanlı üçün son dərəcə əziz və qiymətlidir. Biz düz üç onillik ərzində torpaqlarımızın işğaldan azad ediləcəyinin ümidi ilə yaşamışdıq və qələbə müjdəsini gözləmişdik. Arzularımız 44 günlük Vətən müharibəsində çin oldu və biz böyük Qələbənin sevincini yaşadıq.

Prezident İlham Əliyev, eyni zamanda, ölkəmizin milli gücünün artırılmasına hesablanan ardıcıl siyasət həyata keçirirdi. Bu siyasət, ilk növbədə, müharibə vəziyyətində olan respublikamızın iqtisadi gücünün və maliyyə imkanlarının artırılmasına hesablanmışdı. Bəhs olunan dövrdə Prezident İlham Əliyevin qətiyyətli siyasi iradəsi əsasında reallaşdırılan islahatlar sayəsində Azərbaycan bütün dünya üzrə ən dinamik templərlə inkişaf edən ölkələr sırasına yüksəldi.

Azərbaycan düşməni məhz özünün güclü Ordusu ilə cəzalandırdı və torpaqlarını işğaldan azad etdi. Əlbəttə, Vətən müharibəsində şanlı qələbəmiz asanlıqla əldə olunmayıb. Torpaqlarımızı geri qaytarmaq fikrində olmayan məkrli düşmən onilliklər ərzində burada güclü istehkamlar qurmuşdu.

Bu qələbə dövlətimizin, xalqımızın və ordumuzun rəşadətini, qətiyyətini və məğrurluğunu bütün dünyaya göstərdi, düşmənlərə və onun havadarlarına əsl dərs oldu. 44 gün ərzində davam edən Vətən müharibəsində ədalət təmin edildi, beynəlxalq hüququn rəsmən tanıdığı tarixi torpaqlarımız öz azadlığına qovuşdu. Alınmaz qalamız sayılan Şuşanın erməni işğalından azad edilməsi ilə Azərbaycan Silahlı Qüvvələri şanlı tarix yazdı.

Dünyaya uğurları ilə səs salan, inkişaf modeli nümunə göstərilən qalib Azərbaycan hər birimizin qürur mənbəyidir.

Canpolad Yusifov

YAP Ağstafa rayon təşkilatının sədr müavini