20 İyun 2025

420 qram doğulan körpə “Ginnesin rekordlar kitabı”na düşdü FOTO

2020-ci ilin iyul ayında ABŞ-ın Birminqem şəhərindəki Alabama Universitetində 21 həftəlik dünyaya gələn Kertis Means adlı körpə dünyanın ən erkən doğulub, sağ qalan körpəsi kimi “Ginnesin rekordlar kitabı” düşüb.

Musavat.com xarici KİV-lərə istinadən bildirir ki, Kertis doğularkən cəmi 420 qram olub. Bu cür çəki ilə erkən doğulan körpələr adətən sağ qalmır.

“Ginnesin rekordlar kitabı” hazırda 16 aylıq olan Kertisin yeni rekorda imza atdığını təsdiqləyib.

Məlum olduğu kimi, tam müddətli hamiləlik adətən 40 həftədir. Kertis isə təxminən 19 həftə erkən doğulub.

Onun anadan olmasının maraqlı tarixçəsi var. Anası Mişel Batler normal hamiləlik keçirirdi. Lakin 2020-ci ilin 4 iyul Müstəqillik Günündə atəşfəşanlıq keçirilən zaman onun doğuş sancısı tutur və qadın xəstəxanaya yerləşdirilir.

Ertəsi gün nahar vaxtı Mişel Batler Kertis və C’Asya adlı əkiz uşaqları dünyaya gətirir. Digər uşaq bir gün sonra ölür. Kertisin də sağ qalma şansı çox aşağı, bir faizdən az olub. Buna baxmayaraq, körpənin müalicəsi davam etdirilib. Zamanla körpənin səhhətində irəliləyişlər olduğu müşahidə edilib.
Beləliklə, Kertis 275 gün xəstəxanada qaldıqdan sonra bu ilin aprel ayında evə buraxılıb.