30 il ərzində ölkəmizə qarşı aparılan etnik təmizləməyə və işğala son qoyuldu
![](https://media1.az/wp-content/uploads/2023/10/Tagi-Imamverdiyev-32-1024x879.jpg)
2-ci Milli Şəhərsalma Forumunun açılış mərasimində çıxışı zamanı Prezident cənab İlham Əliyev Ermənistanın ölkəmizə qarşı 30 il davam etmiş işğalçılıq siyasətini faktlarla xatırladaraq bildirdi ki, Ermənistan beynəlxalq hüququn normalarını və qaydalarını kobud şəkildə pozaraq Cenevrə Konvensiyasına əsasən, cinayət törədirdi. Ancaq beynəlxalq ictimaiyyət bu ölkəyə qarşı sanksiya tətbiq etmədi. Onları heç ictimai şəkildə qınamadılar. Onlara açıq şəkildə çağırış etmirdilər ki, öz qoşunlarını Azərbaycan ərazisindən çıxarsın. Eyni zamanda Prezident cənab İlham Əliyev iştirakçıların diqqətinə çatdırdı ki, 2020-ci il noyabrın 8-də Şuşa Ordumuz tərəfindən azad olundu və bu, bizim iradəmizin təzahürü idi. Bundan iki gün sonra Ermənistan kapitulyasiya aktına imza atdı və Azərbaycan 30 illik işğala son qoydu. Cari il aprelin 23-də ölkəmiz Ermənistanla sərhəddə sərhəd-keçid məntəqəsini yaratmaqla ərazi bütövlüyünü, 19-20 sentyabr tarixlərində keçirilmiş 24 saatlıq antiterror tədbirləri nəticəsində isə öz suverenliyini bərpa etdi. Ermənistan uzun illər ərzində kriminal hərbi cinayətkarlar tərəfindən idarə olunurdu. 2-ci Milli Şəhərsalma Forumunun açılış mərasimində çıxışı zamanı Prezident cənab İlham Əliyev vurğuladı ki, Ermənistanın iki prezidenti Xocalı soyqırımında iştirak edib. Onlar buna görə cavab verməlidirlər, məsuliyyət daşımalıdırlar. Onlar Azərbaycan torpaqlarını talayanlar idi. İyirmi il ərzində onlar əllərindən gələni edirdilər ki, bizim işğal olunmuş torpaqlarımızda bu taktikanı işlətsinlər, həmin taktikanı Ermənistanda da tətbiq etməyə başladılar.
Ermənistan silahlı qüvvələri hərbi və mülki şəxslər arasında heç bir fərq qoymadan işğal etdikləri rayon və şəhərlərdə dinc azərbaycanlı əhalini amansızlıqla qətlə yetirib. Azərbaycanlılar etnik təmizləməyə və soyqırımına məruz qalıblar. Ermənistanın hərbi-siyasi rəhbərliyi Əsgəranın Meşəli kəndində, Şuşanın Malıbəyli və Quşçular kəndlərində, Xocavəndin Qaradağlı kəndində, Xocalı şəhərində, Kəlbəcərin Ağdaban kəndində və digər yerlərdə dinc əhalinin amansız şəkildə sistematik və kütləvi qırğınını, soyqırımını törətməklə, Dağlıq Qarabağda yaşayan azərbaycanlı mülki əhalinin bir hissəsini fiziki cəhətdən məhv etmək, qalan hissəsinin isə müqavimət əzmini qırıb regionu onlardan təmizləmək məqsədi güdürdü.
Antiterror tədbirlərinə toxunan cənab İlham Əliyev ermənilərin yalan və nağıllarını bir daha ifşa edərək bildirmişdir: “Antiterror tədbiri 24 saatdan az müddətdə həyata keçirildi. Bunun nəticəsi nə oldu? Biz davam etdikmi? Xeyr! Bizim belə bir niyyətimiz yox idi. Biz nəticədə harada istəsəydik orada dayanacaqdıq. Bunu demək o qədər də çətin deyil. Ancaq bizim niyyətimiz bundan ibarət deyildi. Biz Ermənistanın ərazi bütövlüyünü tanımışıq, bunu bəyan etmişik və bunu səmimi deyirik. Yəni, bizim başqa niyyətlərimiz olsaydı, əməliyyat sentyabrın 20-də dayanmazdı. Mən bunu hər kəsin bilməsini istəyirəm. Bunu Ermənistan hakimiyyəti də bilsin, onun arxasında duran himayədarları da bilsin, bu gün Azərbaycana qarşı qəbuledilməz planlar cızan tərəflərə buradan mesaj verirəm: Bizim səbrimizlə oynamasınlar. Biz səbirliyik, ancaq qətiyyətliyik. Biz haqlı olduğumuzu sübut edə bilirik və edirik. Ona görə yox ki, bizim gücümüz var, çünki haqq-ədalət bizim tərəfimizdədir.”
Tağı İmamverdiyev
YAP Ağstafa rayon təşkilatının məsləhətçisi