3 oktyabr 1993-cü il – ölkəmizin tarixində dönüş günü
Xalqımızın Ümummilli Lideri, müasir Azərbaycan dövlətinin memarı Heydər Əliyevin müstəqil respublikamıza ilk dəfə Prezident seçilməsinin bu gün 32-ci ili tamam olur. 1993-cü ilin iyun ayında xalqın istək və arzusu ilə Naxçıvandan Bakıya gələn və Ali Sovetin Sədri seçilən Heydər Əliyevin həmin ilin oktyabr ayının 3-də Azərbaycan Prezidenti seçilməsi ilə respublikamızın tarixində tamamilə yeni dövr başladı. Bu tarixi hadisə müstəqilliyini yenicə qazanmış, lakin böyük sınaqlar qarşısında dayanan ölkəmizin gələcəyinə ümid və güclü bir inam gətirdi. Dövlətin taleyüklü anlarında xalqı ətrafında birləşdirə biləcək, sözünün gücü ilə yol göstərə biləcək liderə ehtiyac vardı. Bu lider isə dahi natiq, müdrik siyasətçi Heydər Əliyev idi.
Uzaqgörən siyasətçi kimi özünü hələ sovet dövründə təsdiq etmiş Heydər Əliyev yeni dövrün, yeni tarixi şəraitin xüsusiyyətlərini nəzərə alaraq Azərbaycanın inkişaf yolundan danışarkən deyirdi: “Biz çalışırıq və bundan sonra da çalışacağıq ki, inkişaf etmiş ölkələrin səviyyəsinə çatmaq üçün Azərbaycanda tərəqqi daha da sürətləndirilsin. Ancaq bilmək lazımdır bunların hamısını bir gündə, bir ayda, bir ildə əldə etmək mümkün deyildir. Buna həm zaman lazımdır, həm də iradə, inam lazımdır. Zaman bizdən asılı deyildir. Ancaq iradə, inam özümüzdən asılıdır. Hamı bilməlidir ki, Azərbaycan dövlətində, Azərbaycan hakimiyyətində bu iradə, bu inam var”.Heydər Əliyev qədər öz xalqını, onun tarixini, mədəniyyətini və dilini sevən ikinci bir şəxsiyyət tapmaq çox çətindir. Məhz dahi Heydər Əliyev öz xalqının müqəddəs dilini dövlət dili kimi Azərbaycan Respublikasının konstitusiyasına salmağa nail oldu.
Heydər Əliyev SSRİ-nin məhv olacağı tarixi həqiqəti çox-çox illər öncə görürdü və müstəqil Azərbaycanın yaranacağını və onun öz dilinə böyük ehtiyacı olacağını bildiyindən onu qorudu və özünə layiq olan səviyyədə sevdirdi. Eyni zamanda Heydər Əliyev 1990-cı ilin 20 yanvar ayında sovet qoşunlarının Bakıda törətdiyi qanlı faciə ilə əlaqədar ertəsi gün Azərbaycanın Moskvadakı nümayəndəliyində bəyanatla çıxış edərək, Azərbaycan xalqına qarşı törədilmiş cinayətin təşkilatçıları və icraçılarının cəzalandırılmasını tələb edib.Məhz xalqın istəyi ilə 1993-cü il iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçilən Heydər Əliyev iyunun 24-də Milli Məclisin qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başlayıb. 1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi nəticəsində Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçilib. Ulu Öndərin 1993-cü ilin oktyabrında dövlət başçısı seçilməsindən sonra müstəqil Azərbaycanın hüquqi və siyasi-iqtisadi suverenliyinin təmin olunması prosesi əsaslı şəkildə sürətlənmişdir.
Ulu Öndər xalqın milli nailiyyət simvoluna çevrilmiş tarixi şəxsiyyətdir. Onun rəhbərliyi altında əldə olunan uğurların ən mühümü məhz qurub yaratdığı müstəqil Azərbaycan dövlətidir. Ümummilli Lider şərəfli ömür yolu ilə tərcümeyi-halını böyük bir xalqın tarixinə çevirməyi bacarmış dünya miqyaslı şəxsiyyətdir. Yer üzünün ən müxtəlif qütblərində yaşayan milyonlarla soydaşımızı milli ideyalar ətrafında bir araya gətirən rəmzdir. Azərbaycan cəmiyyəti Heydər Əliyevin zəngin dövlətçilik irsini ölkənin milli təhlükəsizliyinin, iqtisadi maraqlarının və siyasi sistemin sabitliyinin təmin edilməsinə yönələn təkmil konsepsiya kimi qəbul edir. Bu siyasəti yeni dövrün tələblərinə uyğun təkmilləşdirən Prezident İlham Əliyev lider əzmi ilə xalq qarşısında verdiyi vədləri əməli işi ilə doğruldaraq daim insanların sevgisini və etimadını qazanıb. Bütün prezident seçkilərinin nəticələri bunu təsdiq edir. Biz hamımız şahidiyik ki, Ümummilli Lider Heydər Əliyevin yenidən qurduğu müstəqil Azərbaycan Respublikası cənab İlham Əliyevin prezidentliyi dövründə daha da möhkəmlənmiş, inkişaf etmiş, Qafqazda lider ölkəyə çevrilmişdir, aparılan müdrik xarici siyasət nəticəsində Azərbaycan beynəlxalq aləmdə öz layiqli yerini tutmuşdur. Bu, bir daha müdrik ağsaqqal, Ulu Öndər Heydər Əliyevin uzaqgörənliyinin bariz nümunəsidir.
Ulu öndərin siyasi kursunun layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev ümummilli lider Heydər Əliyevin ideyalarını layiqincə yerinə yetirərək ordu quruculuğu sahəsində inamlı islahatlar apardı. Qırx dörd günlük Vətən müharibəsində mükəmməl əks-hücum əməliyyatları ilə torpaqlarımızı işğaldan azad edən Azərbaycan Silahlı Qüvvələri öz qüdrətini bir daha bütün dünyaya nümayiş etdirdi.
Emilya Abdullayeva
Ağstafa rayon Mərkəzi Kitabxana Sisteminin əməkdaşı
