03 Dekabr 2025

3 oktyabr 1993-cü il dövlətçiliyimizin xilası ünüdür

Azərbaycan xalqının taleyində böyük əhəmiyyətə malik elə günlər var ki, həmin vaxtlarda onun gələcək həyatını müəyyən edən mühüm başlanğıcların əsası qoyulub. Belə günlərdən biri də oktyabrın 3-nə təsadüf edir. Həmin gün xalqımız özünün gələcək taleyini, müqəddəratını həll edən seçim etdi. 1993-cü il oktyabrın 3-də ölkəmizdə keçirilən prezident seçkilərində Heydər Əliyev xalqımızın böyük əksəriyyətinin etimadını qazandı. Ulu Öndər 98.84 faiz səslə Azərbaycan Prezidenti seçildi. Heydər Əliyevin seçkilərdə bu cür böyük üstünlüklə qələbə qazanması qədirbilən xalqımızın Ulu Öndərə, onun möhkəm siyasi iradəsinə və yüksək nüfuzuna, idarəçilik istedadına olan dərin inamdan qaynaqlanırdı.

Azərbaycan xalqı bilirdi ki, bu ağır və böhranlı dövrə ölkəyə sahib çıxa biləcək Heydər Əliyev kimi liderə ehtiyacı var. Hələ 1969-1982-ci illərdə – Heydər Əliyevin birinci dəfə hakimiyyətdə olduğu müddətdə Azərbaycan üçün gördüyü misilsiz işlər xalqımız tərəfindən unudulmamışdı. Eyni zamanda, 1990-cı ildə 20 Yanvar faciəsinin səhəri günü Heydər Əliyevin Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək, xalqımıza başsağlığı verməsi, onunla birgə olduğunu bəyan etməsi dahi liderə olan inamı daha da artırmışdı. Həyatının mənasını xalqına və dövlətinə xidmətdə görən Ulu Öndərin müstəqil gənc respublikamıza rəhbərlik etdiyi dövrdə gördüyü əvəzsiz işlər Azərbaycanı çox qısa müddətdə beynəlxalq arenada böyük nüfuza və söz sahibinə malik bir ölkəyə çevirdi. O vaxt ölkəmiz dövlət müstəqilliyini yenicə bərpa etmişdi, Azərbaycan Ermənistanla müharibə şəraitində idi. Bu risk doğuran faktorlar böyük dövlətləri və şirkətləri Azərbaycana sərmayə yatırmaqda ehtiyatla davranmağa vadar edirdi. Ulu Öndərin beynəlxalq arenadakı şəxsi nüfuzu tərəddüdlərə son qoydu.

1994-cü il sentyabrın 20-də Azərbaycanın ən yeni tarixində dönüş nöqtəsi olan neft kontraktları imzalandı. Sonradan “Əsrin müqaviləsi” adlandırılan bu saziş ölkəmizin gələcək inkişafına və təhlükəsizliyinə etibarlı zəmin yaratdı, dünya xəritəsindəki mövqeyi möhkəmləndirdi. Azərbaycan artıq bütün dünyada neft ölkəsi olaraq tanınmağa başladı. Ümummilli Liderin qarşıya qoyduğu ümdə vəzifələrdən biri də milli dövlət quruculuğunu həyata keçirmək idi və bu məsələ də qısa zaman kəsiyində həllini tapdı. Ölkəmizdə demokratik, hüquqi və dünyəvi dövlət quruldu. Bu gün öz tarixi və milli ənənələrindən bəhrələnən, dünya demokratiyası təcrübəsinə, ümumbəşəri dəyərlərə əsaslanan Azərbaycan dövləti tam təşəkkül tapıb və uğurla fəaliyyət göstərir. Ən əsası isə xalq və dövlət arasında sarsılmaz birlik mövcuddur. Ulu Öndərin 1993-cü ilin oktyabrında prezident seçilməsindən sonra ölkədə sabitlik, vətəndaş həmrəyliyi bərpa edildi, 12 fəsil və 158 maddədən ibarət olan ilk müstəqil Konstitusiya qəbul edildi, Qarabağ müharibəsində atəşkəsə nail olundu, düşmən təcavüzü dayandırıldı, ordu quruculuğuna böyük diqqət yetirildi.

ATƏT-in 1996-cı ildə keçirilən Lissabon Sammitində 53 dövlətin Azərbaycanın ərazi bütövlüyünü tanımaq haqqında qərar qəbul etməsi Heydər Əliyev siyasətinin diplomatik qələbəsi idi. Dünyanın bir sıra dövlətləri və beynəlxalq qurumları məhz Lissabon Sammitindən sonra Qarabağ məsələsində Ermənistanı dəstəkləməkdə tərəddüd etməyə başlamış, Qarabağın qədim Azərbaycan torpağı olması haqqında gerçək informasiyalar özünə yol tapa bilmişdir. Ulu Öndər qısa bir zamanda Azərbaycanın hərbi təhlükəsizliyinin təmin edilməsi üçün real silahlı qüvvələri formalaşdıra bilmişdir. Vətən Müharibəsində bizi Zəfərə aparan yolun başlanğıcında məhz Heydər Əliyevin uzaqgörən ordu quruculuğu siyasəti dayanır. Haqlı olaraq qeyd edildiyi kimi, “tarix, əslində, Heydər Əliyevə bir dövlət adamı, böyük vətənpərvər və dahi azərbaycanlı kimi öz qiymətini verib.

Görkəmli dövlət xadimi Heydər Əliyev Azərbaycan xalqının Ümummilli lideri miqyasında qəbul edilir. Ulu öndərin adı dünyanın qüdrətli dövlət xadimlərinin sıralarında çəkilir, Azərbaycan xalqı isə özünün böyük oğlu Heydər Əliyevi daim ən uca zirvədə görür və onun böyük ideallarından güc və qüvvət alır. Xalqımız Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin liderliyi ilə görkəmli dövlət xadimi Heydər Əliyevin müstəqil dövlətçilik və azərbaycançılıq ideallarının işığında daha parlaq gələcəyə doğru inamlı yolunu uğurla davam etdirir.

Tağı İmamverdiyev
YAP Ağstafa rayon təşkilatının əməkdaşı