26 Fevral 2024

28 nəfər yıxıldı, yollarda hərəkət məhdudlaşdı-qarlı havada yaşananlar…

Dövlət qurumları gücləndirilmiş iş rejimində çalışır; lokal problemlər də yaşanır

Ölkə üzrə iki gündür əsl qış havası hökm sürür. Bu isə ilk növbədə müvafiq qurumlar üçün sınaq dövrüdür. Görəsən, respublika ərazisində hökm sürən qarlı hava şəraitində dövlət qurumları imtahandan çıxa bilirmi?

“Yeni Müsavat” hava şəraiti ilə əlaqədar vəziyyəti təftiş etmək üçün müxtəlif qurumlarla əlaqə saxlayıb.

“Azəristiliktəchizat” ASC-nin mətbuat katibi Elvin Basqallı bildirib ki, Bakının Nizami rayonunda 17 binanın istilik təminatında fasilə yaranıb: “Saat 06:00-dan 11:30-a qədər çağrı mərkəzimizə 60-dan çox müraciət daxil olub. Müraciətlər ən çox paytaxtın Nizami rayonundan gəlib. Burada istilik xəttində baş verən axıntı nəticəsində 17 binanın istiliklə təminatında fasilə yaranıb. Əməkdaşlarımız dərhal hadisə yerinə gedib və yaxın saatlarda həmin ərazidə istiliyin verilməsi bərpa olunacaq. Digər ərazilərdənsə, orta hesabla adi günlərdə olduğu qədər müraciət daxil olur. Əməkdaşlarımız bayram günlərində olduğu kimi, bu cür hava şəraitində də gücləndirilmiş rejimdə çalışır. Qrafikə və xarici hava temperaturuna uyğun olaraq qazanxanalarda istiliyin verilməsi artırılıb. Ümumilikdə, istiliyin verilməsi ilə bağlı heç bir ciddi problem yoxdur. Yaşayış və qeyri-yaşayış binalarının istiliklə təminatı davam etdirilir”.

Elvin Basqallı "Azəristiliktəchizat"a mətbuat katibi təyin edilib

Elvin Basqallı

“Azəriqaz” ASC-nin mətbuat xidmətinin rəhbəri Eldəniz Vəliyev məlumat verib ki, bölgələrdə və paytaxtda qurum əməkdaşları gücləndirilmiş iş rejimində çalışırlar: “104 çağrı mərkəzimizə qazın təzyiqi ilə bağlı 281 zəng daxil olub. Zənglərdən 57-si təbii qazın olmaması ilə bağlı olub. Eyni zamanda 41 abonent qaz sızması ilə bağlı müraciət ünvanlayıb. Əməkdaşlar dərhal əraziyə ezam olunublar. Sızmanın aradan qaldırılması istiqamətində tədbirlər görülüb. Bir neçə saat ərzində problem aradan qaldırıldı və təhlükəsizlik təmin edildi”.

E.Vəliyev həmçinin qeyd edib ki, dəm qazından yüngül zəhərlənmə ilə bağlı 7 müraciət daxil olub. Qurumun rəsmisi Suraxanı və Xəzər rayonlarında bir neçə yaşayış evində lokal problemin qeydə alındığını bildirdi: “Həmin müraciətlərin bir qismi gecə saatlarında, bir qismi isə hazırda həll olunur. Ümidvarıq ki, bundan sonra qaz təchizatında genişmiqyaslı problemlər olmayacaq. Vətəndaşlardan xahiş edirik ki, qaz plitələrinin gecə yatarkən açıq vəziyyətdə saxlanılmasına yol verməsinlər. Bu cür hallarda qaz sızma, partlayış ola bilər. Bu baxımdan təhlükəsizlik məqsədilə bu kimi məqamlara diqqət etsinlər. Güclü külək bacalara təsir edə bilər və dəm qazı evə daxil ola bilər. Bu kimi nüanslara ciddi yanaşmaq lazımdır. Gün ərzində quruma genişmiqyaslı problem daxil olmayıb, lokal problem isə müvafiq qaydada operativ şəkildə həll olunub və olunacaq”.

“Azərişıq” ASC-dən bildirilib ki, Azərbaycanın elektrik enerjisi təchizatı sistemində uzunmüddətli və böyükmiqyaslı qəza baş verməyib, baş vermiş qəzalar isə lokal xarakter daşıyıb: “Qarlı-şaxtalı hava şəraiti ilə əlaqədar “Azərişıq” gücləndirilmiş iş rejimində çalışır. Baş verə biləcək qəzaların aradan qaldırılması üçün əlavə texnika və mal-material ayrılıb. Mövcud hava şəraiti ilə əlaqədar ölkə ərazisində bir neçə yerdə lokal xarakterli qəzalar baş verib və tez bir zamanda əməkdaşlarımız həmin qəzaları aradan qaldırıb. Hazırda ölkə ərazisində dayanıqlı və keyfiyyətli elektrik enerjisi təmin edilib. Abonentlərdən xahiş edirik ki, baş verən hansısa qəza və kəsinti halları ilə əlaqədar 24 saat fasiləsiz fəaliyyət göstərən 199 saylı çağrı mərkəzi ilə əlaqə saxlayıb məlumat versinlər”. Qurumdan həmçinin bildirilib ki, Xırdalan şəhəri ərazisində minik avtomobilinin sürücüsünün idarəetməni itirməsi nəticəsində avtomobil transformatora çırpılıb, qəzanın nəticəsi qısa zamanda aradan qaldırılıb. Lerikə yağan güclü qar nəticəsində 45 yaşayış məntəqəsi işıqsız qalıb. Qar əsasən rayonun elektrik təsərrüfatına ziyan vurub. 2500 abonenti əhatə edən 45 yaşayış məntəqəsinə elektrik enerjisinin verilişi dayanıb”.

Dövlət Yol Polis əməkdaşları da gün ərzində gücləndirilmiş iş şəraitində çalışıb. Respublika Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verildi ki, avtomobil yollarında bütün əməkdaşlar gücləndirilmiş formada fəaliyyət göstəriblər. Yolda qalan avtomobillərə kömək göstərilib, təhlükəli yollarda nəqliyyat vasitələri patrul avtomobilləri tərəfindən müşayiət olunub.

Hava şəraiti ilə əlaqədar olaraq Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna 12 nəfər (11 qadın, 1 kişi) müxtəlif dərəcəli bədən xəsarətləri ilə müraciət edib. Nazirlikdən  verilən xəbərə görə, zərərçəkənlərə tibbi yardım göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıblar.

Qarlı hava şəraiti ilə əlaqədar yıxılma səbəbilə Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına 16 müraciət daxil olub. Onlardan 13-ü qadın, 3-ü kişidir.

TƏBİB-dən verilən xəbərə görə, müraciətlər əsasən oynaq, çanaq, bilək, topuq, əl nahiyələrinin taravmaları ilə bağlı olub. Xəsarət alanlardan biri uşaq, digərləri isə 42-61 yaş aralığında şəxslər olub. Xəsarət alanların hər biri aidiyyəti üzrə tibb müəssisələrinə hospitalizasiya olunub.

Avtomobil yollarında da vəziyyət ürəkaçan olmayıb. Son iki gün ərzində yağan güclü qar Bakı-Şamaxı-Muğanlı-İsmayıllı-Qəbələ və Bakı-Şamaxı-Yevlax yolunda nəqliyyatın hərəkətində çətinliklər yaradıb. Magistrallarda avtomobillərin hərəkəti tamamilə məhdudlaşdırılıb.

Yol polisindən qarlı hava ilə bağlı » Azərbaycan Gəncliyi qəzetinin  internet saytı

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) Yol Patrul Xidmətinin (YPX) əməkdaşları yolların buz bağlaması səbəbindən və təhlükəsizlik məqsədilə yük avtomobillərinin və qış fəsli üçün nəzərdə tutulan şinləri olmayan nəqliyyat vasitələrinin İsmayıllı-Muğanlı-Şamaxı yolu ilə Bakı istiqamətinə hərəkətinə icazə vermir, sürücülərə alternativ olaraq İsmayıllı-Qaraməryəm-Ağsu-Göyçay-Kürdəmir-Bakı yolundan istifadə tövsiyə olunur. Qobustan, Şamaxı, Qəbələ və Ağsu rayonlarının ərazisindən keçən magistral yollar da qarla örtülüb və avtomobillərin hərəkətində çətinliklər yaranıb. Ağsu aşırımında, İsmayıllı-Lahıc-Dəmirçi-Pirqulu-Şamaxı yolunda isə qar və buz səbəbindən nəqliyyatın hərəkəti dayandırılıb. Bu yollara təxminən 10-15 santimetr qar yağıb. Gədəbəy, Daşkəsən, Göygöl, Şəmkir və Tovuz rayonlarının ucqar kəndlərində avtomobil yollarının buz bağlaması və qarlı olması səbəbindən nəqliyyat vasitələrinin hərəkətində qismən çətinlik yaranıb. Bakı-Qazax magistral yolunun bölgədən keçən hissəsində isə əsasən gecə və səhər saatlarında avtomobillərin hərəkətində çətinliklər olub. Bir neçə yol-nəqliyyat hadisəsi baş verib. Ciddi xəsarət alan olmasa da, nəqliyyat vasitələrinə zərər dəyib.

Gecə saatlarından başlayaraq yağan qar Sumqayıt şəhəri ərazisindəki əsas küçə və prospektlərdə problem yaradıb. Səhər saatlarında şəhərin küçələrində avtomobillərin hərəkətində problem yaranıb. Nəticədə bir neçə avtomobil idarəetməni itirərək qəza törədib. Gecə saatlarından başlanan qar və külək nəticəsində küçələr buz bağlayıb. Yolların təmizlənməməsi nəticəsində səhər saatlarında şəhər ərazisində avtomobillərin hərəkətinə ciddi maneələr yaranıb. Sumqayıt Şəhər İcra Hakimiyyətindən bildirilib ki, Sumqayıt şəhərində hava şəraiti ilə əlaqədar nəqliyyat vasitələrinin təhlükəsiz və fasiləsiz hərəkətini təmin etmək məqsədilə bütün texnikalar səhər saatlarından başlayaraq təmizlik işlərinin aparılmasına cəlb edilib. Şəhər ərazisindəki küçə və prospektlərdə səhər saatlarından başlayaraq iş aparılıb, yollar qardan təmizlənib, qum-duz qarışığı səpilib.

“Bakı Metropoliteni” QSC-dən bildirildi ki, qarlı hava şəraitində vacib şərtlərdən biri elektrik deposundan qatarların problemsiz xəttə verilməsidir: “Gecə saatlarından qarla mübarizə qərargahının normal işi təmin edilib, nəzarət gücləndirilib. Stansiyaların infrastrukturu da hava şəraitinə hazır vəziyyətə gətirilib, zəruri ehtiyat tədbirləri görülüb”.

Bakı Nəqliyyat Agentliyi hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına  xəbərdarlıq edib - 07.01.2023, Sputnik Azərbaycan

Bakı Nəqliyyat Agentliyinin (BNA) məlumatında qeyd edildi ki, müntəzəm marşrut xətləri üzrə avtobusların normal və fasiləsiz fəaliyyətini təmin etmək, eləcə də yarana biləcək problemlərin vaxtında aradan qaldırılması məqsədilə Bakı Nəqliyyat Agentliyi tərəfindən zəruri tədbirlər həyata keçirilib: “Bütün müntəzəm marşrut xətləri üzrə avtobusların reysə çıxışı təmin edilib. Müntəzəm marşrut xətləri üzrə avtobusların fəaliyyətinə nəzarət artırılıb. Bu məqsədlə agentliyin mobil qrupları Nəqliyyat Mübadilə Mərkəzlərinin və şəhərin müxtəlif ərazilərində xidmət aparır. Vahid Dispetçer Xidmətinin səhər pik saatlarına olan məlumatına əsasən paytaxtın müxtəlif ərazilərində müşahidə olunan nəqliyyat sıxlıqları səbəbindən 54 müntəzəm marşrut xətti üzrə 188 avtobusun hərəkət intervalında gecikmələr olub. Yeni Yasamal Əsəd Əhmədov küçəsi, “Günəşli” qəsəbəsi D massivi, Biləcəri dairəsi, Xocahəsən dairəsindən Moskva prospekti istiqamətində, 9-cu mikrorayon ərazisində müntəzəm marşrut xətləri üzrə avtobusların hərəkətində müəyyən çətinliklər müşahidə olunub.

O ki qaldı təhsil sisteminə, qarlı hava şəraiti ilə əlaqədar Bakıda yüksək ərazilərdə fəaliyyət göstərən ümumi təhsil məktəblərində şagirdlərin dərsə davamiyyət göstəricisi digər günlərə nisbətən qismən aşağı düşüb. Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib ki, qeyri-sabit hava şəraiti ilə əlaqədar paytaxtdakı ümumi təhsil müəssisələrinin normal fəaliyyətinin təmin olunmasına diqqət daha da artırılıb. Bu istiqamətdə müvafiq qurumlarla əlaqələr gücləndirilib.

Universitetlərə gəlincə, yanvarın 5-dən etibarən imtahan sessiyasında olan tələbələrin bəziləri hərəkət iflic olduğu üçün imtahana gecikiblər. Əksər universitetlər tələbələrə yenidən imtahan vermək üçün şərait yaradacaq.

Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) hava şəraiti ilə bağlı məlumat yayıb. Belə ki, yanvarın 10-da Bakıda və Abşeron yarımadasında arabir qar yağacağı gözlənilir. Mülayim şimal-şərq küləyi əsəcək. Havanın temperaturu Bakıda gündüz 0°-yə yaxın olacaq. Atmosfer təzyiqi normadan yüksək 780 mm civə sütunu olacaq. Nisbi rütubət 70-80 % olacaq. Yollar buz bağlayacaq. Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir qar yağacağı, duman olacağı gözlənilir. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gündüz 3° şaxtadan 2°-dək isti, dağlarda gündüz 7-12° şaxta olacaq. Yollar buz bağlayacaq”.

Nigar HƏSƏNLİ