17 İyul 2025

28 May – Müstəqillik Gününün tarixidir

1918-ci il mayın 28-də Azərbaycan xalqı tarixində yeni bir səhifə açaraq, Azərbaycan Xalq Cümhuriyyətinin yaradıldığını bəyan etdi. Bu hadisə təkcə ölkəmiz üçün deyil, eyni zamanda bütün Şərq və müsəlman dünyası üçün böyük əhəmiyyət kəsb edir. Çünki məhz Azərbaycan Xalq Cümhuriyyəti Şərqdə ilk dəfə olaraq demokratik, hüquqi və dünyəvi prinsiplərə əsaslanan parlament respublikası modeli ilə çıxış etdi.

Xalq Cümhuriyyəti hər vətəndaşın hüquq və azadlıqlarını tanıyan, irqindən, dinindən və sosial mənsubiyyətindən asılı olmayaraq bərabər hüquqlar verən bir idarəetmə sistemini həyata keçirdi. Bu, milli dövlətçiliyin əsas təməl daşlarından biri kimi qəbul edilir.

İstiqlal Bəyannaməsi ilə xalqımızın öz müqəddəratını təyin etmək hüququ təsdiq olundu və bu, milli azadlıq düşüncəsinin reallığa çevrildiyini sübut etdi. Cəmi 23 ay yaşamasına baxmayaraq, bu dövrdə dövlət quruculuğunun əsas istiqamətləri müəyyən edildi: parlament və hökumət yaradıldı, milli ordu quruldu, vətəndaşlıq institutu təsis olundu, dövlət rəmzləri – bayraq, himn və gerb qəbul edildi.

Eyni zamanda, maarifin inkişafına xüsusi diqqət ayrıldı. Təhsilin ana dilində təşkili və Bakı Dövlət Universitetinin təsis olunması xalqın elmi, mədəni inkişafı üçün ciddi addım oldu. Bu da göstərir ki, Xalq Cümhuriyyəti yalnız siyasi müstəqilliklə kifayətlənməyib, həm də sosial və mədəni sahələrdə dərin islahatlara başlamışdı.

Azərbaycan Xalq Cümhuriyyəti həm də gənc respublikanın beynəlxalq aləmdə tanıdılması istiqamətində fəal diplomatik fəaliyyət göstərmişdir. Paris Sülh Konfransında iştirak və dövlətin de-fakto tanınması bu istiqamətdə atılan mühüm addımlar idi.

28 May – Müstəqillik Günü xalqımızın azadlıq ruhunun, siyasi yetkinliyinin və dövlətçilik iradəsinin simvoludur.

Səbinə İsgəndərli
Ağstafa rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı