28 May Müstəqillik Günüdür

1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin Milli Şurası İstiqlal Bəyannaməsini imzalamaqla Azərbaycanın müstəqilliyini dünyaya bəyan etmiş, xalqımızın çoxəsrlik dövlətçilik ənənələrini davam etdirmişdir. Qısa dövr ərzində Azərbaycanın ilk parlamenti, hökuməti yaradılmış, dövlət atributları təsis olunmuş, sərhədləri müəyyən edilmiş, dövlət quruculuğu sahəsində mühüm tədbirlər həyata keçirilmiş, Cümhuriyyətin beynəlxalq münasibətlər sisteminin subyekti kimi tanınması, diplomatik müstəvidə milli maraqların qorunması istiqamətində mühüm addımlar atılmışdır. Yeni fəaliyyətə başlamış parlamentin qəbul etdiyi qanunlar milli müstəqilliyin möhkəmləndirilməsində, ölkədə siyasi, iqtisadi və mədəni inkişafın təmin olunmasında, demokratik prinsiplərin təsbit edilməsində əsaslı rol oynamışdır. Cəmi 23 ay mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti müsəlman Şərqində demokratiya ənənələrinin formalaşmasına əhəmiyyətli təsir göstərmişdir.
Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay mövcud olmasına baxmayaraq, milli dövlətçilik tariximizdə silinməz izlər qoymaqla, sübut etdi ki, Azərbaycan xalqı müstəqil yaşamağa, öz dövlətçilik ənənələrini bərpa etməyə və yaşatmağa qadirdir. Müstəqilliyin əldə edilməsi mürəkkəb bir proses olsa da onu qoruyub saxlamaq daha çətin, məsuliyyətli bir işdir. XX əsrin sonlarında müstəqilliyinə yenidən qovuşan Azərbaycan suverenliyini qoruyub saxlamağı bacardı. Zamanın hökmü ilə ötən əsrin 90-cı illərində dövlət müstəqilliyini bərpa edən Azərbaycan Ermənistanın təcavüzü, xarici təzyiqlər və daxili çəkişmələr üzündən dünyanın siyasi xəritəsindən silinmək və dövlətçiliyini itirmək təhlükəsi ilə qarşılaşdı.
Taleyimizin həll olunduğu ağır bir zamanda xalqın təkidli tələbinə səs verərək yenidən hakimiyyətə qayıdan Heydər Əliyev doğma Vətənin xilası naminə misilsiz fədakarlıq nümayiş etdirdi. O, ölkəmizi ictimai-siyasi pərakəndəliyin və anarxiyanın məngənəsindən qurtararaq, bütün sahələrdə müşahidə olunan dərin tənəzzülün qarşısını aldı, yenidən qurduğu və hər cür qəsdlərdən qoruduğu dövlətin dayanıqlı inkişaf yolunu müəyyən etdi. Hazırda 28 may tarixinin Müstəqillik Günü, 18 oktyabr tarixinin isə Müstəqilliyin Bərpası Günü kimi təsbit olunması Azərbaycanın dövlət suverenliyinin məhz 1918-ci ildə bərqərar olunması faktına əsaslanır. Bu, ərazi bütövlüyünü bərpa etmiş müasir Azərbaycanın 1918-ci ildə qurulmuş Azərbaycan Xalq Cümhuriyyətinin tamhüquqlu varisi olduğunu göstərir. Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikasında demokratik, hüquqi, dünyəvi dövlət, vətəndaş cəmiyyəti quruculuğu prosesi, siyasi, iqtisadi və sosial islahatlar uğurla həyata keçirilir, ölkə iqtisadiyyatı dönmədən inkişaf etdirilir, əhalinin sosial müdafiəsinin gücləndirilməsi üçün əsaslı tədbirlər görülür. Azərbaycanın öz ərazi bütövlüyünü, suverenliyini təmin etməsi ilə ölkəmizin inkişafı daha sürətli şəkildə davam edir. Bütün bunlar bir daha göstərdi ki, AXC-nin varisi olan Azərbaycan dövləti hər zaman öz müstəqilliyini, əbədiliyini qorumağa qadirdi. Dünyanın mürəkkəb siyasi mənzərəsində dövlətlərin taleyini müəyyən edən əsas faktor liderlik amilidir.
XXI əsrin çağırışlarına cavab verə bilən, xalqın etimadını qazanan və dövlət idarəçiliyində ardıcıl uğurlar qazanan liderlər tarixdə öz izlərini buraxırlar. Azərbaycan üçün bu lider cənab Prezident İlham Əliyevdir – milli iradənin daşıyıcısı, suverenliyimizin qoruyucusu və müstəqil dövlətçilik modelinin memarı. 2020-ci ildə əldə edilən Zəfər – Azərbaycanın suverenlik və ərazi bütövlüyünün tam bərpası – Prezident İlham Əliyevin uzaqgörən siyasətinin və qətiyyətli rəhbərliyinin parlaq nəticəsidir. Bu qələbə bir xalqın ləyaqətinin, tarixi ədalətinin və əzmkar ruhunun təntənəsi idi.
Tağı İmamverdiyev
YAP Ağstafa rayon təşkilatının əməkdaşı