27 sentyabr Azərbaycanda Anım Günüdür

27 Sentyabr – Anım Günü Azərbaycanın tarixində həm milli həmrəyliyin, həm də dövlətçilik dəyərlərinin möhkəmlənməsində mühüm rol oynayan bir gündür. Bu günün əhəmiyyəti təkcə keçmişdə baş vermiş hadisələrin xatirəsini yad etməklə məhdudlaşmır, eyni zamanda xalqımızın birliyinin, vətənpərvərlik ruhunun və dövlətə olan sadiqliyinin güclənməsinə xidmət edir. Sentyabrın 27-dən başlanan İkinci Qarabağ müharibəsi Azərbaycanın qələbəsi və Ermənistanın kapitulyasiyası ilə başa çatdı. 44 gündə 300-ə yaxın kənd, 5 şəhər, 4 qəsəbə, çoxsaylı strateji yüksəkliklər işğaldan azad edildi. Bu, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev cənablarının diplomatik siyasəti, Güclü Azərbaycan Ordusunun, Rəşadətli qəhrəman və qorxmaz igid əsgər və zabitlərimizin və xalqımızın birliyi, həmrəyliyi nəticəsində əldə olundu. Bəli, Ali Baş Komandan dediyini etdi, həm də göstərdi ki, onun xəbərdarlıqlarını diqqətdən kənar qoymaq olmaz! Çünki artıq şərtləri Qalib ölkənin Qalib Lideri diktə edir! Və bu günə kimi bu şərtlərə əməl etməyənlər sonrakı peşmançılığını çəkirlər.
İkinci Qarabağ Müharibəsinin 44-cü günündə Ali Baş Komandan, Prezident İlham Əliyev cənablarının «Dəmir Yumruq» siyasətinə əməl edən əsgər və zabitlərimizin yüksək vətənpərvərliyi, igidliyi və yenilməzliyi, Prezident-xalq-ordu birliyi sayəsində ədalət bərpa olundu, işğala son qoyuldu, Ermənistan və onun “yenilməz ordusu” döyüş meydanında darmadağın edildi, diz çökdü. Prezident İlham Əliyevin hərb, siyasət və diplomatiya müstəvisində uğurlu fəaliyyəti nəticəsində qüdrətli Azərbaycan dövləti erməni faşizminin başını əzdi – belini qırdı, təcavüzkarı layiqincə cəzalandırdı. 44 gün ərzində dediyini etdi! Həm də göstərdi ki, onun xəbərdarlıqlarını diqqətdən kənar qoymaq olmaz!
44 günlük müharibənin nəticələri və postmüharibə dövründə Azərbaycanın qazandığı nailiyyətlər sübuta yetirdi ki, Müzəffər Ali Baş Komandanımızın ətrafında sıx birləşmiş, həmrəylik nümayiş etdirən Azərbaycan xalqının mübarizə ruhu sarsılmazdır. Bu gün Azərbaycan dövləti və cəmiyyəti Vətənin bütövlüyü uğrunda canlarını fəda etmiş qəhrəman övladlarımıza, onların ailələrinə, qazilərimizə böyük hörmət, diqqət və qayğı göstərir. Prezident İlham Əliyevin 27 sentyabr – imzaladığı Zəfərə aparan “tarixi qərar”ına əsasən Vətən müharibəsinin başladığı günün Azərbaycan Respublikasında Anım Günü kimi qeyd olunması imzaladığı Sərəncamı dövlət başçımızın Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, dövlət müstəqilliyimizin və suverenliyimizin rəmzi olan üçrəngli bayrağımızı işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiramın ifadəsidir.
Beləliklə, Azərbaycan olduqca mürəkkəb beynəlxalq münasibətlər sistemi şəraitində öz gücü – qüdrəti ilə münaqişəni həll etdi, işğal faktını aradan qaldırdı, separatizmin məhvinə nail oldu. Prezident İlham Əliyevin qeyd etdiyi kimi: “Azərbaycan 30 illik münaqişəni hərbi-siyasi yollarla həll etdi, ərazi bütövlüyünü və tarixi ədaləti bərpa etdi. Dağlıq Qarabağ münaqişəsi keçmişdə qaldı”. Ən əsası, dövlətimizin gücünün, xalqımızın həmrəyliyinin ifadəsi olan “Dəmir yumruq” öz yerindədir və Müzəffər Ali Baş Komandanımızın qeyd etdiyi kimi: “Əgər kimsə revanşist fikirlərlə yaşayırsa, bax, bu yumruğu görəcək, bu, yerindədir və bizim səbrimizi sınamasınlar”.
Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin dediyi kimi: “Bu gün Anım Günündə şəhidlərimizin əziz xatirəsi önündə bir daha deyirəm, əgər biz görsək ki, erməni faşizmi baş qaldırır, əgər biz görsək ki, xalqımıza, dövlətimizə yeni təhlükə mənbəyi yaranır, heç tərəddüd etmədən erməni faşizminin başını bir daha əzəcəyik. Bunu hər kəs bilsin! Müharibənin və Qələbənin rəmzi olan “Dəmir yumruq” yerindədir, bunu heç kim unutmasın!”. Prezident İlham Əliyev bir daha vurğulayıb ki, biz bundan sonra qalib ölkə, müzəffər xalq kimi yaşayacağıq və azad edilmiş torpaqları quracağıq, bərpa edəcəyik: “O torpaqlara artıq həyat qayıdır, insanlar qayıdır. Bu qayıdışı ən qısa müddət ərzində təmin etmək bu gün bizim başlıca vəzifəmizdir. Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!”.
Tağı İmamverdiyev
YAP Ağstafa rayon təşkilatının əməkdaşı