27 sentyabr – Anım Günü ilə əlaqədar Bərdə mədəniyyət idarəsinin işçiləri rayon “Şəhidlər Xiyabanı”nı ziyarət edib
Ermənistanın Respublikasının ölkəmizə qarşı 2020-ci il sentyabrın 27-dən başlayan növbəti hərbi təcavüzünə cavab olaraq, Azərbaycan Respublikası Silahlı Qüvvələri Ali Baş Komandanın rəhbərliyi altında işğal altındakı torpaqlarımızın azad edilməsi məqsədilə Vətən müharibəsinə başlamış və müharibə ölkəmizin şanlı qələbəsi ilə başa çatmışdır.
Azərbaycan hər zaman mübariz oğul və qızlarının şücaətini yüksək qiymətləndirir, bütün şəhidlərimizin ruhuna ehtiram göstərir, xatirəsini uca tutur. Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin2020-ci il 2 dekabr tarixli Sərancamı ilə hər il sentyabrın 27-si Azərbaycan Respublikasında Anım Günü kimi qeyd edilməsi qərara alınmışdır.
Müvafiq Sərəncamın icrası ilə bağlı 27 Sentyabr – Anım Günü ilə əlaqədar Bərdə Regional Mədəniyyət İdarəsi üzrə tabe mədəniyyət müəssislərində anım tədbirləri təşkil olunur, şəhidlər xiyabanı ziyarət edilir, şəhidlərimizin xatirəsinə həsr olunmuş yürüşlər keçirilir.
Növbəti anım tədbiri Bərdə şəhər 3 nömrəli Uşaq musiqi məktəbi tərəfindən keçirilib. Tədbir çərçivəsində məktəbin müəllim və şagird kollektivi Bərdə rayonunun “Şəhidlər Xiyabanı”nına yürüş təşkil edib. Bərdə rayon Mədəniyyət Mərkəzinin qarşısından başlanan yürüşdə Bərdə Regional Mədəniyyət İdarəsinin rəisi Vəsilə Möhsümova da iştirak edib. Əllərində üçrəngli Azərbaycan Bayrağı və şəhidlərin şəkillərini tutmuş yürüş iştirakçıları tərəfindən “Qarabağ Azərbaycandır!”, “Şəhidlər ölməz, Vətən bölünməz!”, “Müzəffər Ordumuz” şüarları səsləndirilib.
Daha sonra Birinci Qarabağ və Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi ehtiramla anılıb, məzarları üzərinə gül dəstələri düzülüb, onların müqəddəs ruhuna dualar oxunub.