26 İYUN AZƏRBAYCAN RESPUBLİKASI SİLAHLI QÜVVƏLƏR GÜNÜDÜR
26 iyun 1918-ci il tarixli qərarla Müsəlman Korpusunun adı dəyişdirilərək Əlahiddə Azərbaycan Korpusu adlandırıldı və bununla da milli silahlı qüvvələrin yaradılması istiqamətində mühüm addım atıldı. 1992-ci il oktyabrın 9-da isə silahlı qüvvələrimizin Bakıda ilk hərbi paradı keçirilib. Prezident Heydər Əliyevin 22 may 1998-ci il Sərəncamına əsasən, Əlahiddə Azərbaycan Korpusunun yarandığı gün – 26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü elan olundu və hər il bu tarix rəsmi dövlət bayramı kimi qeyd edilir.
Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev hərbi təhsil sisteminin daha da inkişaf etdirilməsi məqsədi ilə 1999-cu il yanvarın 20-də Hərbi Akademiyanın yaradılması haqqında fərman imzalamışdır. 2011-ci il iyunun 26-da Bakıda Silahlı Qüvvələr Günü və müstəqilliyin bərpasının 20 illiyi, 2013-cü ildə isə Silahlı Qüvvələr Gününün yaranmasının 95 illiyi ilə münasibətilə hərbi parad keçirilib.
Ulu Öndərin ordu quruculuğu siyasəti Prezident İlham Əliyevin hakimiyyəti dövründə nəinki uğurla davam etdirildi, həm də miqyas və mahiyyət etibarilə ilə yeni mərhələyə qədəm qoydu. Dövlətimizin başçısı İlham Əliyevin müasir ordu quruculuğu istiqamətində uzaqgörənliklə qəbul etdiyi qərarlar, atdığı qətiyyətli addımlar, həyata keçirdiyi kompleks tədbirlər Azərbaycan Ordusunu cəmi bir neçə il ərzində dünyanın ən qüdrətli orduları sırasında yer almasını təmin etdi.
Bu gün Qafqazda ən müasir ordu hesab olunan Azərbaycan Milli Ordusu Hərbi Hava və Hava Hücumundan Müdafiə, Hərbi Dəniz və Quru qoşunlarından ibarətdir. Bu qoşun növləri potensial rəqiblə qırıcı və bombardmançı təyyarələrlə effektiv mübarizə aparmaq iqtidarındadır. MDB çərçivəsində Azərbaycan hava hücumundan müdafiə qüvvələrinə malik ən güclü ölkələrdən sayılır. Büdcə vəsaiti ildən-ilə artırılan Azərbaycan Silahlı Qüvvələrinin buna müvafiq olaraq hərbi imkanları da genişlənir.
Müasir ordu quruculuğu prosesində Ali baş kamandan İlham Əliyevin həyata keçirdiyi hər bir islahat, tətbiq etdiyi yenilik son dərəcə səmərəli olub. Bu yeniliklər kompleks yanaşma siyasətinin tərkib elementi kimi çıxış edib. Dövlətimizin başçısının ordu quruculuğu istiqamətində atdığı addımlar sırasında Silahlı Qüvvələrimizin şəxsi heyəti arasında mənəvi baxımdan sağlam ab-havanın yaradılması, yüksək mübarizə əzminin və əhval-ruhiyyənin formalaşdırılması xüsusi əhəmiyyət kəsb edib.
Azərbaycan Silahlı Qüvvələrinin təyinatı Azərbaycan dövlətinin müstəqilliyini, ərazi bütövlüyünü və onun xalqının azadlığını qorumaqdır.
Canpolad Yusifov
YAP Ağstafa rayon təşkilatının sədr müavini