26 avqust – Laçın Şəhəri Günüdür

Azərbaycanın müasir tarixində şanlı səhifələrdən biri də Laçın şəhərinin və rayonunun işğaldan azad olunması ilə yazıldı. 1992-ci ilin mayında Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilən Laçın, Azərbaycanın Qarabağ bölgəsini Ermənistanla birləşdirən strateji coğrafi mövqeyi ilə xüsusi əhəmiyyət daşıyırdı. Məhz bu səbəbdən Laçın işğal olunduqdan sonra Ermənistan Azərbaycan əraziləri üzərində nəzarətini genişləndirmək üçün əsas körpünü əldə etmişdi. Üç onillik ərzində Laçın faciəsi xalqımızın qəlbində ağır bir yara kimi yaşayırdı. 2020-ci ildə Azərbaycan Ordusunun Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə əldə etdiyi qələbə nəticəsində Laçın rayonunun böyük hissəsi işğaldan azad edildi. 2020-ci il 10 noyabr tarixli üçtərəfli bəyanata əsasən Laçın şəhəri və Laçın dəhlizi müvəqqəti olaraq Rusiya sülhməramlılarının nəzarətinə verilmişdi. Lakin dövlət başçımız dəfələrlə bəyan edirdi ki, Laçın da öz doğma sahiblərinə qaytarılacaq. 2022-ci ilin avqustunda isə tarixi ədalət tam bərpa olundu. Azərbaycan ordusu Laçın şəhərinə daxil oldu, yeni alternativ yol istifadəyə verildi və beləliklə, şəhərimiz tam suverenliyimiz altına keçdi. Cənab Prezident İlham Əliyevin dediyi kimi: “Azərbaycan öz suverenliyini bərpa edərək, Laçın şəhərinə və kəndlərinə böyük həyat gətirmişdir. Bu, təkcə hərbi və siyasi qələbə deyil, həm də mənəvi zəfərdir.”
Doğrudan da, bu gün Laçında yeni həyat başlayıb. Şəhər tamamilə bərpa edilir, yollar, məktəblər, xəstəxanalar, sosial obyektlər tikilir. 2023-cü ildə artıq ilk köç karvanı Laçına qayıtdı və yüzlərlə ailə öz doğma yurduna qovuşdu. Laçın şəhərinin azad olunması Azərbaycanın dövlətçilik tarixində strateji, siyasi və mənəvi baxımdan dönüş nöqtəsi oldu. Dövlətin əsas prioritetlərindən biri məhz işğaldan azad olunmuş ərazilərin yenidən qurulmasıdır. Bu çərçivədə Laçında yeni yaşayış kompleksləri salınır, elektrik, su və kommunikasiya infrastruktur şəbəkələri yaradılır. Bütün bunlar qısa müddətdə görülən işlərin miqyasını göstərir. Eyni zamanda Laçının azad olunması Türk dünyası, eləcə də region ölkələri üçün mühüm geosiyasi hadisə oldu. Çünki bu, Azərbaycanın regiondakı rolunu artırdı, Zəngəzur dəhlizi layihəsinin reallaşmasına təkan verdi. Onu da qeyd edək ki, 30 ilə yaxın dövrdə erməni vandalizminə məruz qalan Laçın özünün yeni dövrünə qədəm qoyub.
İşğaldan azad olunmuş ərazilərimizin inkişafını daim xüsusi diqqətdə saxlayan Prezident İlham Əliyev Laçın rayonuna bir neçə dəfə səfər edib. Bu səfərlər zamanı dövlətimizin başçısı Güləbird Su Elektrik Stansiyasının, “Qorçu” və “Laçın” şəhər yarımstansiyalarının, Laçın şəhərində 1 Dekabr, Heydər Əliyev, Zəfər və 28 May, Xosrov bəy Sultanov və Zəngəzur küçələrinin kəsişmələrindəki lövhələrin açılışını edib, Laçın Beynəlxalq Hava Limanının, Kəlbəcər-Laçın avtomobil yolu üzərində tikiləcək 3,4 kilometr uzunluğundakı tunelin, 110/35/10 kV-luq “Laçın” Qovşaq Yarımstansiyasının, Qorçu qəsəbəsinin və Şəlvə kəndinin, Laçın şəhərində ilk çoxmənzilli yaşayış məhəlləsinin, İşğal və Zəfər Muzeyi Kompleksinin təməlini qoyub, rayonda həyata keçirilən layihələrin, aparılan quruculuq işlərinin gedişi ilə tanış olub. Prezident İlham Əliyev Laçına səfəri zamanı aparılan quruculuq işlərindən bəhs edərək deyib: “Biz öz doğma torpaqlarımızı işğalçılardan azad edəndən sonra mən demişdim ki, Qarabağı və Şərqi Zəngəzuru cənnətə çevirəcəyik. Cənnətin əgər təsviri varsa, bu gün bax, budur. Gözəl təbiət, əzəmətli dağlar, gözəl binalar, evlər – hər şey çox böyük zövqlə yaradılır ki, həm insanlar burada rahat yaşasınlar, həm də Laçın şəhərinin müasir siması Azərbaycanın əldə etdiyi uğurları ilə eyni səviyyədə olsun”.
Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixdə imzaladığı sərəncamla Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilib. Sərəncama əsasən, 26 avqust Laçın Şəhəri Günüdür. Ən əsası, bu gün Laçında həyata keçirilən genişmiqyaslı quruculuq işləri yüksək zövq və keyfiyyətlə aparılır. Laçınlılar Laçın şəhəri gününü 30 il həsrətində olduqları doğma evlərində qürur və sevinc hissi ilə qeyd edirlər. Bütün laçınlıları və Azərbaycan xalqını bu münasibətlə təbrik edirəm. Yaşasın Laçın! Yaşasın Azərbaycan!”.
Tağı İmamverdiyev
YAP Ağstafa rayon təşkilatının əməkdaşı