18 Sentyabr 2024

24 saatlıq lokal xarakterli anti-terror əməliyyatı Azərbaycan tarixinə qızıl həriflərlə yazıldı

2020-ci ildən başlayaraq, Ermənistan Azərbaycanın xəbərdarlıqlarından nəticə çıxarmadı. Qarabağda qeyri-qanuni hərbi birləşmələr, hərbi texnika, qurğu, silah və sursat saxladı. Üstəlik, müxtəlif yollarla əraziyə əlavə hərbi vasitələr cəlb etdi, şəxsi heyətin rotasiyasını həyata keçirdi, ərazilərimizi minaladı və sair yolverilməz hərəkətlər reallaşdırdı ki, bunların hamısı ölkəmizin konstitusion quruluşuna ziddir, dövlət suverenliyimizə təhdid idi.

Azərbaycan Silahlı Qüvvələrinin həyata keçirdiyi lokal antiterror tədbirlərinin başlanması gözlənilən idi. Belə ki, Ermənistan, xüsusilə son dövrlərdə həm informasiya cəbhəsində, həm də hərbi müstəvidə Azərbaycana qarşı çeşid-çeşid, sistemli və ardıcıl şəkildə təxribatlar həyata keçirməkdə idi. Azərbaycana qarşı həyata keçirilən təxribatçı addımların qarşılığında Azərbaycan tərəfi hər dəfə Ermənistan tərəfinə bununla bağlı xəbərdarlıq etmişdir. Lakin bütün bunara baxmayaraq Ermənistan həm şərti sərhəddə, həm də Qarabağ iqtisadi rayonunda separatist qüvvələrlə birgə təxribatlara son vermədi. Bəzi Qərb ölkələrinin dəstəyindən ruhlanan Xankəndidə və ətraf qəsəbələrdə mövcud olan qanunsuz erməni silahlı dəstələri regionda sabitliyə ciddi təhlükə idi. Həmin silahlıların dinc yolla zərərsizləşdirilməsi, bölgədə sabitliyin təmin edilməsi məqsədilə aparılan danışıqlar hər dəfə nəticəsiz qalırdı. Məhz bütün bu məqamları nəzərə alaraq BMT Nizamnaməsində və beynəlxalq hüquqda təsbit edilmiş bütün qanuni vasitələrlə ölkəmizin suverenliyinin və ərazi bütövlüyünün təmin edilməsi istiqamətində addımlar atılmalı idi. Artıq həmin addımlar atılaraq lokal xarakterli antiterror əməliyyatı başlanıldı. Unutmamalıyıq ki, qeyri qanuni erməni silahlıları yalnız region üçün deyil, həmçinin Qarabağın sakinləri olan dinc ermənilər özü üçün də ciddi təhlükə mənbəyidir. Bir sözlə regionun gələcəyi, inkişafı separatizmin kökünün birdəfəlik kəsilməsindən aslı idi. Belə ki, bütün bu prosesə qədər rəsmi Bakı 30 ilə yaxın bir müddətdə BMT-nin məlum 4 qətnaməsinin həyata keçirilməsini gözlədi. Lakin bu gözləmə və aparılan danışıqların səmərəsizliyi 2020-ci ilin 27 sentyabrında başa çatdı. Daha dəqiq desək, 44 gün ərzində Ermənistanın işğalçı siyasəti darmadağın edildi. BMT-nin qətnamələri məhz Azərbaycan ordusu tərəfindən həyata keçirildi. Lakin sonrakı 3 ildə də Bakı səbir və təmkin nümayiş etdirdi, bir sıra dövlət başçılarının Azərbaycanın ərazi bütövlüyünü tanıması faktoruna qarşılıqlı hörmətlə yanaşdı. Amma son anda Qarabağdakı saxta rejimin qondarma “prezident seçkilərini” keçirməsinə, ardıcıl diversiya və terror siyasətinin davamına əsla yol verilə bilməzdi. Qarabağdakı separatçı rejim bölgənin erməni əhalisini girov saxlayır, onları özünün siyasi avantürizminə alət etmək yolu tutmaqla, ölkəmizin reinteqrasiya çağırışlarına məhəl qoymurdu. Ermənistan hakimiyyəti isə yeritdiyi siyasətlə belə yolverilməz təmayüllərə dəstək göstərir, dünya ermənipərəstlərinin köməyilə həmin rejimi legitim statusa malik dövlət quruluşu qismində təqdim edirdi. Təbii ki, belə “fəaliyyətin” qarşısının alınması üçün qətiyyətli addımlara ehtiyac var idi.

24 saatlıq lokal xarakterli anti-terror əməliyyatı növbəti dəfə Azərbaycan dövlətinin möhtəşəm zəfəri ilə nəticələndi. 1 günlük lokal xarakterli anti-terror əməliyyatı Qarabağdakı qanunsuz erməni silahlı birləşmələrin təslim olmasına kifayət etdi. 2023-cü il sentyabrın 20-də saat 13:00-da lokal xarakterli antiterror tədbirlərinin dayandırılması barədə razılıq əldə olundu. Razılığa əsasən, Azərbaycan Respublikasının Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələri, qeyri-qanuni erməni silahlı dəstələri silahı yerə qoyub, döyüş mövqelərindən və hərbi postlardan çıxır, tam şəkildə tərksilah olunurlar. Ermənistan silahlı qüvvələrinin birləşmələri Azərbaycan ərazilərini tərk edir və qeyri-qanuni erməni silahlı dəstələri buraxılır. Hazırda Prezidentinin Administrasiyasının təklifi ilə Azərbaycan Respublikasının Konstitusiyası və qanunları əsasında reinteqrasiya məsələlərinin müzakirə edilməsi üçün Qarabağın erməni sakinlərinin nümayəndələri ilə Yevlaxda görüş keçirilir. Ermənilər Azərbaycanın şərtləri ilə razılaşmağa məcburdur”.

Yunis Eyyubov

YAP Ağstafa rayon təşkilatının əməkdaşı