22 Dekabr 2024

22 gün əsir qaldı, ermənilərin çörəyini yemədi – ŞƏRƏFLİ ÖMRÜN ACI XATİRƏSİ

Bu gün 1991-ci ildə Kərkicahan qəsəbəsinin müdafiəsi uğrunda döyüşlərdə əsir düşərək qətlə yetirilən Fərhad Atakişiyevin anım günüdür. Haqqında çox danışmaq olar.

Təkcə ali təhsilini yarımçıq qoyaraq, silaha sarılması onun nə qədər vətəninə, yurduna bağlı olduğunu göstərir.

Media1.az APA TV-yə istinadən xəbər verir ki, Fərhad o zaman 20 yaşında olub. Azərbaycan İnşaat Mühəndisləri Universitetində təhsil alan Fərhad doğma kəndinin düşmən tərəfindən hücuma məruz qaldığını eşidəndə heç nəyə məhəl qoymadan, birbaşa döyüşə yollanır. Anadan olduğu əraziləri yaxşı tanıdığına görə özünümüdafiə dəstəsinin bələdçisi seçilir.

1991-ci il dekabrın 26-da könüllü dəstə, Kərkicahan yaxınlığındakı yüksəklikdə erməni silahlı dəstələri ilə açıq döyüşə girir. Səkkiz saat davam edən şiddətli döyüşdən sonra əlavə qüvvə gəlmədiyi üçün özünümüdafiə dəstəsi və Kərkicahan qəsəbəsi mühasirə altına düşür. 22 nəfərdən ibarət könüllülər dəstəsi, son mövqelərini dəyişmədən vuruşur və 13 nəfər itki versə də, qəsəbə sakinlərinin mühasirədən çıxmasına nail olurlar.

Fərhad Atakişiyev 1991-ci ilin dekabr ayının 27-dən 28-ə keçən gecə, qeyri-bərabər döyüşdə, döyüşdükləri evin partladılması nəticəsində 8 könüllü əsgərlə birlikdə mühasirəyə düşür. O, huşunu itirdiyi üçün əsir götürülür və Xankəndi təcridxanasına aparılır.

Ermənilər çoxsaylı itkilərinin əsas səbəbini Fərhad Atakişiyevin bələdçiliyində gördüyü üçün ona qarşı fasiləsiz, amansız və xüsusi işgəncələr tətbiq edərək onu qətlə yetiriblər. 1992-ci il yanvarın 28-də Fərhadın meyiti qarşı tərəfdən alınaraq müayinə olunmaq üçün Ağdam rayonu Mərkəzi Xəstəxanasına gətirilir. Müayinə zamanı məhkəmə tibbi ekspertizası tərəfindən onun bədənində, hər biri ayrı-ayrılıqda insan ölümünə səbəb ola biləcək, 72 müxtəlif işgəncə növü aşkarlanır. Anası Dilarə Atakişiyeva deyir ki, Fərhad yurdunun hər daşına, qayasına bağlı biri idi. Onu fərqləndirən də bu xüsusiyyəti idi:

“Fərhad əsirlikdə olanda, erməni ona çörək gətirib. Fərhad ona deyib ki, çörəyini də götür, rədd ol burdan. Mən sizin çörəyinizi dilimə vurmaram. Bunu sonradan aparıblar Xankəndiyə. Deyiblər ki, “səni televiziyaya çıxarırıq de ki, Qarabağ Ermənistanındır”.

Deyib ki, “qulağınızın ardını görərsiniz. Mən ölsəm də məndən qeyrətli oğullar alacaq bu torpağı. Çünki Qarabağ Azərbaycanındır”.

Fərhadla keçən uşaqlıq illərini qürur və fəxr hissi ilə xatırlayan qardaşı Elxan Atakişiyev deyir ki, o Vətənini, torpağını canından artıq sevirdi. Vətən, müharibə mövzularında hər nə qədər səbirsiz olsa da, əslində sülhsevər və səbirli biri idi:

“Fərhad haqqında danışmaq mənim üçün şərfədir. Fərhad çox ağırtəbiətli insan idi. Mən nadinc olduğumdan haradasa dava edəndə, həmişə deyərdi ki, özünü cilovla, ələ al, sakit ol. Fərhad orta məktəbi əla qiymətlərlə bitirdi. Keçirilən Respublika olimpiadalarında həmişə öncül sıralarda yer tutub”.

Onunla ayrı-ayrı illərdə, amma bir gündə doğulan bacısı Sevinc Atakişiyeva hələ də ona ehtiyacının olduğunu, birlikdə keçən uşaqlıq illərinə qayıtmaq istədiyini gizlətmir:

“Hər il doğum günümü Fərhadsız qeyd edirəm. Fərhaddan yaşda balaca olsam da, mənim onun haqqında çox xatirələrim var. Bu gün də bizim ad günümüzdür. Mən onu təbrik edirəm. O, şəhid olsa da, mənim üçün yaşayır. Mən onu hər zaman öz yanımda hiss edirəm”.

22 gün əsirlikdə yaşayıb və hər gün ermənilərə tarix boyu unutmayacaqları dərs verib Fərhad.

Xatırladaq ki, Fərhad Atakişiyev Prezident İlham Əliyevin 28 iyul 2009-cu il sərəncamına əsasən, ölümündən sonra baş çavuş hərbi rütbəsi və Azərbaycan Bayrağı ordeni ilə təltif edilib. Haqqında “Qarabağdır Azərbaycan” adlı film də çəkilib.