23 İyun 2025

20 Yanvar ümumxalq hüzn günü şəhidlərimiz Bərdədə yad edilib

Qədirbilən bərdəlilər səhər saatlarından Bərdənin müqəddəs şəhidlər xiyabanına axışmağa başlayıblar. Torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidərin ruhları ehtiramla yad edilib.Şəhid məzarlarına gül qoyulub. Bərdə cümə məscidinin axundu Hacı Ramazan şəhidlərin əziz xatirəsinə dualar oxuyub.

Bərdə RİH-nin başçısı Vidadi İsayev, Milli Məclisin üzvü Fatma Yıldırım şəhidləri ziyarət ediblər.

Şəhidlərin uyuduğu müqəddəs xiyabanı ziyarət edilməklə yanaşı burada həm də abadlıq  işləri görülür. Ərazidəki daş döşəmələr yenisi ilə əvəz olunmağa başlayıb. Şəhid məzarlarının ətrafında daş barının hörülməsi işləri aparılır. II Qarabağ müharibəsində həyatını qurban vermiş şəhidlərimizin də sinə daşları qoyulub, baş daşlarının ucaldılması isə hələ tamamlanmayıb. Görünür, yaxınlarda görülən işlər tamamilə yekunlaşacaq.

Ümid edirik ki, Bərdə şəhidlər xiyabanında abadlıq işləri yüksək səviyyədə, şəhidlərimizin adına layiq  aparılacaq. Burada şəhid muzeyinin yaradılması da arzuolunandır.