06 Fevral 2025

20 Yanvar hadisələri Azərbaycan tarixinin şanlı səhifələrindən biridir

Öncə qeyd etmək lazımdır ki, 1990-cı ilin 20 yanvarında baş verən hadisələr Azərbaycan xalqının qəhrəmanlıqla dolu şanlı tarixidir. Həmin günlərdə xalqımız milli birlik nümayiş etdirərək , azadlıq uğrunda ölməyə hazır olduğunu bütün dünyaya göstərə bilmişdir.Məhz bu səbəbdən də cəsurluğuna , dəyanətinə görə ilin xalqı elan edilmişdir.Həmin hadisələrdən indi 32 il ötür. Qədirbilən xalqımız hər il olduğu kimi 20 Yanvar hadisələrinin şəhidlərini böyük fəxarət hissi ilə xatırlayır, ölkəmizin hər yerində onların ruhu ehtiramla yad edilir.

32 ildən sonra 20 yanvar hadisələrinin dəhşətlərini bir daha  xatırlamalı oluruq. Çünki qan yaddaşımızı yaşatmaqla gənc nəslin tariximiz barədə məlumatlanması olduqca vacibdir.O günlər ölkəmizin paytaxtı Bakı şəhəri ən çox qırğına məruz qalmış oldu. Bununla yanaşı bir sıra şəhərlərimizdə də sovet imperiyasının silahlıları ağıla gəlməyən dəhşətlər törətmişdilər. Sumqayıt və Lənkəran şəhərlərində də dinc insanların qətlə yetirilməsi həyata keçirilmişdir.Qanlı hadisələr zamanı , yəni 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusu Bakı şəhərinə daxil olmuş, dinc əhalini vəhşicəsinə gülləbaran etmişdir. Qətliam nəticəsində 131 nəfər şəhid olmuş, 744 nəfər yaralanmış, 841 nəfər qanunsuz olaraq həbs edilmişdir.

Həmin gecə Larisa, İlqar kimi uşaqlar da quduzlaşmış sovet əsgərlərinin güllələrinə tuş gəlmişdir. İlham və Fərizə dastanınının yaranması da 20 Yanvar faciəsinin yaratdığı Azərbaycan ailəsinin etibar, sədaqət nümunəsidir. Qanlı yanvar gecəsində şəhid olan İlhamın həyat yoldaşı ertəsi gün zəhər içərək özünə qəsd etmiş, həyatdan vaxtsız getmişdir. 20 yanvar bi faciə olsa da , eyni zamanda Azərbaycan xalqının necə bir qürurlu xalq olduğunu göstərmişdir.

Qanlı hadisədən illər keçməsinə baxmayaraq bu tarix xalqımızın yaddaşına “Ümumxalq hüzn günü” kimi həkk olunmuşdur. Hər il 20 yanvar tarixində xalqımız elliklə  hadisə qurbanlarının xatirəsini yad etmək üçün Şəhidlər xiyabanına axışır. Hadisədə dünyasını dəyişənlərin ruhuna ehtiram əlaməti olaraq Yanvarın 20-də Bakı vaxtı ilə saat 12.00-da ölkə ərazisində şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilir, gəmilər, avtomobillər və qatarlar səs siqnalları verir. Həmin gün ölkə ərazisində matəm əlaməti olaraq Azərbaycanın dövlət bayraqları endirilir.

Dünya ictimaiyyətinin diqqətini bu qanlı hadisəyə yönəltmək üçün Azərbaycanın xarici ölkələrdəki səfirlikləri, diplomatik nümayəndəlikləri tərəfindən də müvafiq tədbirlər həyata keçirilir.

Hadisəyə ən böyük,ən düzgün hüquqi-siyasi qiyməti ümummilli lider Heydər Əliyev vermişdir. Faciənin  beynəlxalq səviyyədə qiymətləndirilməsinə ilk dəfə olaraq münasibət ümummilli lider Heydər Əliyev tərəfindən bildirilib . Belə ki, Heydər Əliyev 21 yanvar 1990-cı il tarixində faciə ilə əlaqədar Azərbaycanın Moskvadakı daimi nümayəndəliyində keçirilən yığıncaqda çıxış edərək bu hadisəni törədən şəxsləri kəskin şəkildə tənqid edib. Heydər Əliyev bu hadisəni hüquqa, demokratiyaya yad, humanizmə zidd hesab etdiyini bildirib. Ümummilli liderin Yanvar hadisəsi ilə bağlı verdiyi kəskin bəyanat sovet rejiminə  verilən ən tutarlı cavab olub. Azərbaycana qarşı törədilmiş hadisələri dərindən dəyərləndirən lider SSRİ Nazirlər Sovetinin partiya təşkilatına ünvanladığı 19 iyul 1991-ci il tarixli ərizəsi ilə kommunist rejiminin ölkəni uçuruma apardığını, SSRİ-nin dağılmasının labüdlüyünü açıq bəyan etmişdi.

20 Yanvar hadisələri Sovet İmperiyasının dağılmağında gedən prosesləri demək olar ki, sürətləndirmiş oldu. Həmin dəhşətli faciədən sonra xalqımızın məkrli siyasət yürüdən Qorbaçov hökumətinə dərin nifrəti yaranmış oldu. Bu da xalqımızın milli azadlıq duyğularını daha da alovlandırdı. 20 Yanvar faciəsinin ertəsi günü milyona qədər əli yalın insan izdihamı Azadlıq meydanına toplaşmaqla ölümün gözünə dik baxdı. Bununla da Sovet İttifaqının qəddar cinayətkar rəhbərliyinə meydan oxudu. Silahlı əsgərlərin avtomatlarından qorxmadan şəhidlərini qərənfil yağışı altında son mənzilə yola saldılar. Bununla da dünyanın nəhəng dövlətinə “ bir öləriksə, min dirilərik, yetər ki, azadlığımızdan əl çəkmərik” ismarıcını vermiş oldu. Sovet İttifaqına ilk cəsarətli etiraz isə ümummilli liderin  azadlıq və millətinə bağlı  duyğuları ilə Sovet İttifaqı Kommunist Partiyasının sıralarını tərk etməsi idi. Atılan bu addımın ardınca Kommunist Partiyasına qarşı hiddət dha da artaraq , partiya sıralarından istefalar sürətlə artmağa başladı. Bundan az sonra isə Azərbaycan Respublikasının Kommunist Partiyası buraxıldı.

İllər keçməsinə baxmayaraq tariximizin qanlı 20 yanvar səhifəsini xalqımız unutmur. “Şəhidlər ölmür, onlar bizim qəlbimizdə əbədi yaşayırlar”, – deyən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də 20 Yanvar şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi, adlarının uca tutulması, o cümlədən onların ailələrinin sosial müdafiəsinin gücləndirilməsini daim diqqət mərkəzində saxlayır, bu istiqamətdə mühüm tədbirlər həyata keçirilir.

Dövlətimiz 20 Yanvar faciəsinin ildönümlərini yüksək təşkilatçılıqla həyata keçirir. Xalqımız  20 yanvarla bağlı tədbirlərlə fəal iştirak edirlər. Ədliyyə Nazirliyinin  çoxsaylı kollektivi də hər il adıçəkilən faciəni yad etmək məqsədi ilə Ümumxalq Hüzn Günündə silsilə anım tədbirlərinin  təşkilinə qoşulur, 20 Yanvar şəhidləri anılır, 20 Yanvar hadisələrini əks etdirən guşələr yaradılır, məlumatlandırıcı videoçarxlar, təqdimatlar nümayiş etdirilir. Bütün bunlarla yanaşı  regionlarda fəaliyyət göstərən ədliyyə işçiləri də  Şəhid Xiyabanlarını  ziyarət etməklə müqəddəs vəzifələrini yerinə yetirmiş olurlar.

 İslam Əhmədov

Ağcabədi rayon Qeydiyyat şöbəsinin rəisi, Ədliyyə müşaviri