20 Yanvar faciəsi öyrənilməli və gələcək nəsillərə olduğu kimi çatdırılmalıdır
1990-cı ilin 20 Yanvar hadisələri qan yaddaşımıza əbədi həkk olunmuş tariximizin faciə və qəhrəmanlığını özündə əks etdirir. Bu tarix Azərbaycanın sonrakı taleyində yeni mərhələnin başlanğıcını qoydu. Bu baxımdan da 1990-cı ilin 20 Yanvar faciəsi öyrənilməli və gələcək nəsillərə olduğu kimi çatdırılmalıdır. Gənclərimizin xalqımıza qarşı həyata keçirilən cinayətlərdən xəbərdar olması üçün yaxın tariximizin öyrənilməsi və araşdırılması qarşımızda duran ən vacib vəzifələrdən biri olmalıdır.
32 il bundan qabaq ölkəmizin paytaxtında baş verən 20 Yanvar hadisələri də Azərbaycan xalqına qarşı törədilmiş qatı cinayətlərdən biridir. Həmin günlər baş verən hadisələrin ümumi mənzərəsinə nəzər salsaq görərik ki, daim ağızdolusu, öydüyümüz “ sülhpərvər” Sovet hökuməti bütün qanunları kobud şəkildə pozaraq dinc, əliyalın insanları qanına qəltan etmiş, xüsusi amansızlıqla 100-lərlə soydaşımızı vəhşicəsinə qətlə yetirmişdilər. Dinc etirazçılar xəbərdar edilmədən Bakıda gecəyarısı fövqəladə vəziyyətin tətbiqi həyata keçirilmiş, fövqəladə vəziyyət elan olunana qədər xüsusi amansızlıqla 82 nəfərin həyatına son qoyulmuşdur, 20 nəfər isə ölümcül olaraq, ağır yaralanmışdır. Fövqəladə vəziyyət elan ediləndən sonrakı günlərdə Bakı şəhərində daha 21 nəfər odlu silahlardan açılan atəş nəticəsində öldürülmüşdür. Fövqəladə vəziyyət elan olunmayan rayonlarda da yanvarın 25-də Neftçala, yanvarın 26-da Lənkəranda daha 8 nəfər qətlə yetirilmişdir. Ümumilikdə 131 nəfər öldürülmüş, 744 nəfər yaralanmış, 841 nəfər qanunsuz həbs olunmuş, 200 ev və mənzil, 80 avtomaşın, o cümlədən təcili yardım maşınları, yandırıcı güllələrin törətdiyi yanğın nəticəsində dövlət əmlakı və şəxsi əmlak məhv edilmişdir.
20 Yanvar hadisələrini həyata keçirən SSRİ rəhbərliyi, başda M.S. Qorbaçov olmaqla tarixin ən dəhşətli cinayətini törətmiş oldu. O günlərdə nə baş verirdi:20 Yanvara qədər ölkəmizdə baş verən hadisələrin xronologiyasına baxmaq kifayət edər ki, Azərbaycan üçün ciddi təhlükələrin baş qaldırdığını görmüş olaq.1988-ci ildən ermənilərin başladığı seperatizm Azərbaycan SSR-nin ərazi bütövlüyünün pozulmasına yönəlmişdir. Üzdən iraq qonşumuz olan Ermənistan Respublikası Dağlıq Qarabağın ilhaq olunması siayasəti həyata keçirirdi. Qarabağ ermənilərini qızışdıraraq küçələrə tökür, Azərbaycanın tərkibindən çıxmaq üçün tələblər irəli sürürdülər.Hətta Ermənistan SSR Ali Soveti tam qanunsuz olaraq , SSRİ konstitusiyasının tələblərinə qarşı çıxaraq Azərbaycanın əzəli və əbədi torpağı olan Dağlıq Qarabağ Muxtar Vilayətinin özününküləşdirilməsi barədə qərar qəbul etmişdir. Hadisələrin gedişi zorakılıqların artması ilə müşahidə olunur, Xankəndində yaşayan azərbaycanlıların evləri yağmalanır, dinc soydaşlarımız qətlə yetirilirdi. Bunun davamı olaraq Ermənistan SSR-də yaşayan 200 minə kimi soydaşımıza qarşı qətliamlar törədilir, misli görünməmiş dəhşətli qırğınlara əl atılırdı. Ermənistanla sərhəd boyunca bütün rayonlarımız erməni millətçilərinin hücumlarına məruz qalırdı. Bütün bunların sonunda Ermənistan SSR – də yaşayan soydaşlarımızın öz dədə baba torpaqlarından deportasiyasına başlanıldı. 200 minə qədər soydaşımız salamat qalmaq üçün Ermənistan SSR-i tərk edib, Azərbaycan SSR-ə pənah gətirirdilər. Moskva isə baş verən hadisələrə seyrçi mövqe sərgiləyir, hadisələrin, ermənilərin törətdiyi cinayətlərin qarşıını almırdı. Əksinə, ermənilərin törətdiyi cinayətlərin yayılmasına şərait yaradırdılar. Sovet dövlətinin başında duran Qorbaçov erməniləri müdafiə etməkdən ötrü dəridən qabıqdan çıxırdı. Bu da onu deməyə əsas verir ki, Azərbaycana qarşı tarixən olduğu kimi erməni – rus qardaşlığı sayəsində məkrli planlar hazırlanır və həyata keçirilirdi. Bütün bunlar isə SSRİ dövlətinə qarşı nifrətə səbəb olurdu. Xalq eşitdiyi “qardaş xalqlar” nağıllarına artıq inanmırdı. Çarəni ancaq milli birlikdə, təşkilatlanmaqda, vətənin müdafiəsinə səfərbər olub, özünün milli hökumətini qurmaqda, suverenliyinə, müstəqilliyinə,azadlığına sahib çıxmaqda görürdü. Sonunda bütün yollar 20 Yanvara aparırdı. Azərbaycan xalqı vətəni qorumaq, torpaqlarımızın müdafiəsinə qalxmaq, azadlığımıza qovuşmaq əzmini nümayiş etdirirdi. İmperiya isə həmişəki kimi bizə müstəmləkə, təbəə kimi baxdığından milli azadlığımızı qan gölündə boğmağa qərar vermişdi.
Ancaq , Sovet dövlətinin atdığı qəddar və ağılsız addım Milli azadlığımızın ruhunu bir az da oyatmış oldu. Azyaşlı uşaqların Larisanın, İlqarın, azadlığına qəti qərar vermiş tələbə Ülvinin, ailə sədaqətini uca tutan Fərizənin, həyat yoldaşı İlhamın və yüzlərlə şəhidin ruhu xalqımızı ayağa qaldırmişdır. Ertəsi gün milyona qədər insan izdihamı Azadlıq Meydanına toplaşıb, şəhidlərimizi son mənzilə yola salırdılar. Bununla da Azərbaycan xalqı bir daha azadlıq uğrunda ölümə hazır olduğunu göstərərək qaniçən Qorbaçova, Bakıya qoşun yeridən SSRİ müdafiə naziri Yazova, Daxili İşlər Naziri Bokatinə meydan oxudu.
20 Yanvar hadisələrindən sonra Milli Azadlıq Hərəkatının yeni mərhələsi başlandı. Müstəqillik uğrunda mübarizə daha da qətiyyətli xarakter daşımağa başladı.20 Yanvar faciəsi dünya azərbaycanlıların təşkilatlanmasına səbəb oldu. Faciədən sonra Azərbaycanda sovet imperiyası özünün bütün mənəvi və sosial dayaqlarını itirdi, ölkənin müstəqilliyi ideyası ümummilli amala çevrildi, dünya azərbaycanlıları yeni siyasi tariximizdə ilk dəfə olaraq milli faciəmizin tanıdılması və nəticələrinin aradan qaldırılması naminə yaşadıqları müxtəlif ölkələrdə təşkilatlanmağa başladılar.
20 Yanvar hadisələrinin Azərbaycanın suverenliyi, müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə həm rəmzi mənası, həm də fenomenal rolu oldu.20 Yanvar Azərbaycan tarixində təkcə faciə deyil, Azərbaycanın istiqlal yolunun ilk zirvəsi, milli məfkurəmizin azadlıq istəyinin oyanış günüdür. Bu, uzun illər sovet imperiyasının əsarətində yaşayan xalqın azadlıq səsini ucaltdığı, öz suverenliyi uğrunda cəsarət nümayiş etdirdiyi şərəfli bir tarixdir.
Ulu Öndərin mərdliyi və siyasi iradəsi sayəsində 20 Yanvar hadisələri öz hüquqi və siyasi qiymətini almışdır. Azərbaycan xalqının başına gətirilən qanlı faciəyə ilk siyasi-hüquqi qiyməti verən, təhlükələrdən çəkinməyərək Sovet hakimiyyətinin bu əməlinə etiraz edən Ümummilli lider Heydər Əliyev oldu. 1990-cı il yanvarın 21-də Sovet rejiminin qadağalarına rəğmən, həyatını təhlükə qarşısında qoyaraq Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələn Ulu öndər Heydər Əliyev qanlı faciənin təşkilatçılarını dünya ictimaiyyəti qarşısında ittiham etdi, ifşaedici və cəsarətli bir bəyanat verdi.
20 Yanvar şəhidlərinin ailələri qayğı daim dövlətin diqqət mərkəzindədir. Prezident İlham Əliyev 1990-cı ilin yanvarında şəhid olmuş oğul və qızlarımızın xatirəsinin əbədiləşdirilməsi, adlarının uca tutulması, onların ailələrinin, övladlarının sosial müdafiəsinin gücləndirilməsi üçün də mühüm işlər görmüşdür.
Əfəndiyeva Məftunə Mustafa qızı
Bərdə regional ASAN xidmət mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat şöbəsinin rəisi