19 Sentyabr 2025

20 Sentyabr: Xankəndi, Xocalı, Xocavənd və Ağdərənin Zəfər Gününə çevrilməsi

Azərbaycanın müasir tarixində 20 sentyabr artıq iki ildir ki, Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü kimi qeyd olunur. Cənab Prezident İlham Əliyevin 2024-cü il 18 sentyabr tarixli Sərəncamı ilə təsis edilən bu əlamətdar gün yalnız bir bayram deyil, həm də uzun və məşəqqətli mübarizənin, xalqımızın igid oğul və qızlarının canı və qanı bahasına qazanılmış möhtəşəm qələbənin rəmzidir. Bu günün təsis edilməsi Ermənistanın və qondarma Dağlıq Qarabağın terrorçu silahlı birləşmələrinin tam tərksilah edilərək ərazilərimizdən birdəfəlik çıxarılmasının nəticəsidir və dövlətimizin ərazi bütövlüyünün bərpasının təntənəsidir.

Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev 2023-cü il 15 oktyabr tarixində Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərlərində üçrəngli dövlət bayrağımızı ucaltdı. Onun həmin tarixi çıxışı xalqın yaddaşına əbədi həkk olundu: “Bu gün tarixi bir gündür… Bu günü biz 30 ildən çox gözləmişdik… Hər gün, hər saat biz bu müqəddəs anı yaxınlaşdırırdıq.” Bu sözlər həm dövlət başçısının, həm də bütöv Azərbaycan xalqının dəmir iradəsini, əzmini və ərazi bütövlüyümüzün bərpası naminə sərf edilən misilsiz səyləri təcəssüm etdirir. 2023-cü il noyabrın 8-də Xankəndidə keçirilən möhtəşəm hərbi parad isə Azərbaycanın Zəfərinin rəmzinə çevrildi və ölkəmizin bölgədəki qüdrətinin dünyaya nümayişi oldu.

Azad edilmiş ərazilərin yeni inkişaf mərhələsinə qədəm qoyması da bu günlərlə bağlıdır. Cənab Prezident İlham Əliyevin 2023-cü il 28 noyabr tarixli sərəncamı ilə Xankəndidə Qarabağ Universitetinin yaradılması, eləcə də 5 dekabr 2023-cü ildə Ağdərə rayonunun təsis edilməsi bölgənin gələcəyinə yönəlik tarixi qərarlar oldu. 21 dekabr 2023-cü ildə isə 30 illik fasilədən sonra Xankəndi stadionunda Ağdamın “Qarabağ” komandası rəsmi oyun keçirdi. Bütün bu hadisələr işğaldan azad edilmiş torpaqlarda həyatın bərpa olunduğunu, inkişafın sürətləndiyini göstərir.

Cənab Prezident İlham Əliyevin azad edilmiş Xankəndi, Xocalı, Xocavənd və Ağdərəyə ardıcıl səfərləri, burada təməlqoyma, açılış və təmir-bərpa işlərinə şəxsən rəhbərlik etməsi dövlətimizin bu torpaqlara qayıdışı yalnız hərbi-siyasi deyil, həm də sosial-iqtisadi və mənəvi baxımdan möhkəmləndirdiyini nümayiş etdirir. Bu günlərdə bərpa olunan yollar, məktəblər, bağçalar, teatrlar, universitetlər, otellər, idman kompleksləri və digər sosial infrastruktur obyektləri Azərbaycanın bu torpaqlarda əbədi və dönməz varlığının rəmzləridir.

20 sentyabr bu mənada Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizəsinin zəfər salnaməsini yaşadan bir gündür. Bu gün hər il təntənə ilə qeyd olunmaqla həm şəhidlərimizin müqəddəs xatirəsini anır, həm də gələcək nəsillərə azad və güclü Qarabağ ideyasını aşılayır.

Yunis Eyyubov
YAP Ağstafa rayon təşkilatının əməkdaşı