20 sentyabr – Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür

Hər bir tarixi gün keçilən yolun təhlilini bir zərurət kimi qarşıya qoyur. 2023-cü ilin 19-20 sentyabr tarixlərində Azərbaycan Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə həyata keçirdiyi bir günlük antiterror tədbirləri nəticəsində torpaqlarımız separatçılardan təmizləndi və suverenliyimiz bərpa edildi. Dövlət başçısı İlham Əliyev həmin ilin oktyabr ayında Xankəndi şəhərinə, Tərtər, Şuşa, Xocalı, Xocavənd, Ağdam və Füzuli rayonlarına səfər etdi. Səfər çərçivəsində Müzəffər Ali Baş Komandan Xankəndi, Xocalı, Xocavənd, Ağdərə şəhərlərində, Xocalı rayonunun Əsgəran qəsəbəsində Azərbaycan Bayrağını ucaltdı. Xankəndidən böyük qürur hissi ilə xalqa müraciət etdi.
Reallıq budur ki, Azərbaycan 30 il dünyadan ədalət gözlədi, amma sonda ədaləti özü bərpa etdi. Üçrəngli Bayrağımızın işğaldan azad edilmiş torpaqlarımızda dalğalanması tarixi Zəfərimizin rəmzidir. Qeyd etdiyimiz kimi, bu Zəfərə Vətən oğullarının canı, qanı bahasına nail olmuşuq. Azərbaycan xalqı elə bir qəhrəmanlıq, fədakarlıq göstərdi ki, bu gün bütün dünyada Azərbaycan oğulları haqqında danışırlar. Çünki ölkəmiz öz haqqını danışıqlar yolu ilə, kiminsə güzəşti hesabına yox, döyüş meydanında bərpa etdi. Şəhərlərimiz, kəndlərimiz azad edildi. Qan tökdük, şəhidlər verdik. Bütün Azərbaycan xalqı 44 gündə bir yumruq kimi birləşdi. Bu yumruq həm gücümüzün, həm də birliyimizin təqdimatı oldu. Azərbaycan istər döyüş meydanında, istərsə də informasiya cəbhəsində sübut etdi ki, Qarabağ əzəli Azərbaycan torpağıdır. Azərbaycanlılar yox, məhz ermənilər bu torpağa gəlmədir.
30 ildə həqiqətləri görməzdən gələn dünyanın aparıcı dövlətləri, nüfuzlu beynəlxalq təşkilatlar 44 gündə ölkə Prezidentinin 30-a yaxın müsahibəsi əsasında bu reallıqları öyrənməyə məcbur oldular. Prezident İlham Əliyevin Ali Baş Komandanlığı altında ölkəmizdə illərlə dərin kök salmış, region üçün təhlükəli bir xəstəliyə çevrilmiş separatizm və qanlı terror məhv edildi. Bir zamanlar qanunsuz silahlı qrupların hökm sürdüyü, təhlükə və anarxiyanın yuvasına çevrilmiş Xankəndi və ətraf ərazilərdə artıq Azərbaycan əsgərinin doğma addım səsləri eşidildi. Uzun illər davam edən bu vəziyyət sanki sağalmaz xəstəliyə yoluxmuş reallıqdan uzaq düşərək təcrid olunmuş bir cəmiyyətin formalaşmasına səbəb olmuşdu. Azərbaycanda Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü artıq ikinci ildir ki, qeyd olunur.
Prezident İlham Əliyevin 2024-cü il sentyabrın 18-də imzaladığı Sərəncama əsasən, hər il sentyabrın 20-də Xankəndi, Xocalı, Xocavənd və Ağdərə günü təntənəli şəkildə qeyd edilir. Bu əlamətdar günün təsis olunması uzun və məşəqqəti 30 il, minlərlə azərbaycanlı igidin canları və qanları bahasına başa gəlmişdir. Bu günün təsis edilməsi həmçinin Ermənistanın və qondarma Dağlıq Qarabağın terrorçu silahlı dəstələrinin tör-töküntülərinin tərk-silah edilərək ərazilərimizdən birdəfəlik çıxarılması ilə bağlıdır. Azərbaycanın dövlət suverenliyinin tam bərpası əməliyyatının növbəti ildönümü ərəfəsində də keçmiş məcburi köçkünlər öz doğma torpaqlarına qayıtmaqdadır.
Bu günlərdə Xocavənd və Xocalının müxtəlif kəndlərinə, həmçinin Kəlbəcər şəhərinə köç karvanı yola salındı. Qarabağa səfər edən Prezident İlham Əliyev yeni salınan yaşayış məntəqələrində yaradılan şəraitlə tanış oldu, Xocavənddə Qırmızı Bazar, Hadrut qəsəbələri, Sos kəndi, eləcə də Xocalının Badara, Daşbulaq, Seyidbəyli və Şuşakənd kəndlərinin sakinləri ilə görüşdü. Dövlət başçımız bəyan etdi ki, “antiterror əməliyyatlarından sonra Azərbaycan Qarabağ və Şərqi Zəngəzura tam nəzarət edir. Qələbəmizi təmin edən isə xalqımızın iradəsi, öz doğma torpağına olan bağlılığıdır”.
Tağı İmamverdiyev
YAP Ağstafa rayon təşkilatının əməkdaşı