20 oktyabr – Zəngilan şəhərinin azadlıq günü
İkinci Qarabağ müharibəsindəki şanlı Zəfərimizdən sonra böyük qürur hissi ilə qeyd etdiyimiz,bütün Azərbaycan xalqı üçün əhəmiyyət kəsb edən günlərdən biri də 20 oktyabr tarixidir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 31 iyul tarixində işğaldan azad edilmiş şəhər günlərinin təsis edilməsi barədə Sərəncamına əsasən 20 oktyabr Zəngilan şəhəri günü kimi tariximizə yazılmışdır.
Füzuli və Cəbrayıl rayonları işğal olunduqdan sonra zəngilanlılar 67 gün mühasirə şəraitində düşmənlə vuruşaraq 235 nəfər şəhid vermişdir.Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsinin ardından rayon əhalisi doğma torpaqlarından didərgin düşmüş, ölkəmizin digər şəhər və rayonlarında olduğu kimi məcburi köçkün həyatına məhkum olmuşdur .Erməni işğalı zamanı Zəngilanın çoxsaylı tarixi və dini abidələri, o cümlədən, İmam Hüseyn məscidi, Alban kilsəsi, Ziya Baba ocağı vandalizmə məruz qaldı, rayonda yerləşən məscidlər, məqbərələr və digər dini tikililər dağıdıldı.
2020-ci ilin sentyabr ayının 27-dəbaşlayan 44 günlük Vətən müharibəsinin 24-cü günündə Zəngilan işğaldan azad edildi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz Vətən müharibəsində yeni tarix yazdı. Biz 27 il boyunca olduğu kimi 29 oktyabrı Zəngilanın işğal olunduğu gün kimi hüznlə yad etmək əvəzinə, artıq 5-ci ildir ki , 20 oktyabrı şəhərin Qurtuluş Günü kimi böyük fərəh hissi ilə qeyd edirik.
Yunis Eyyubov
YAP Ağstafa rayon təşkilatının əməkdaşı
