08 Sentyabr 2024

1993-cü il 24 iyun tarixi Azərbaycanda yeni mərhələnin başlanğıcıdır

Heydər Əliyevin Ali Sovetin sədri seçilməsi müəyyən siyasi dairələri qane etmirdi. Ona görə 1993-cü ilin iyun ayında Gəncə hadisələrindən sonra respublikamız birdən-birə həm xaricdən, həm də daxildən zərbələrə məruz qaldı. Belə ki, ön cəbhədəki bəzi ordu hissələrinin siyasi oyunlara qatılmasından, ölkədəki qeyri-sabit siyasi vəziyyətdən istifadə edən erməni hərbi birləşmələri yeni hücum əməliyyatına başladılar. Belə bir vəziyyətdə ölkənin o vaxtkı prezidenti qəflətən Bakını tərk etdi. Rəhbərsiz qalan ölkəni qanunsuz qruplaşmalar regionlara bölməklə kiçik dövlətlər yaratmaq niyyətinə düşdülər. Yaranmış vəziyyətdə yeganə ümid yeri yenə də Heydər Əliyev idi. 1993-cü il iyunun 24-də Milli Məclis Heydər Əliyevə Azərbaycan Respublikasının səlahiyyətlərini verdi. Heydər Əliyev bu dəfə də xalqın müdrikliyinə arxalanaraq, ölkənin paçalanmasına imkan vermədən qətiyyətli və düzgün qərarları ilə Azərbaycan xalqını bu bəladan xilas etdi. 1993-cü il oktyabrın 3-də isə xalq öz xilaskarını görünməmiş siyasi fəallıq və ruh yüksəkliyi ilə müstəqil Azərbaycan Respublikasının Prezidenti seçdi.

Ulu öndərimizin təbirincə desək: “Biz bütün çətinliklərdən keçdik, bütün bu maneələrin qarşısını aldıq, Azərbaycanın bütün düşmənlərinə layiqli cavablar verdik, ölkəmizin dövlət müstəqilliyini qoruduq. Azərbaycanı parçalanmaq təhlükəsindən xilas etdik və Azərbaycanın dövlət müstəqilliyini yaşadırıq və bundan sonra da yaşadacağıq”.

Bu gün respublikamız müstəqil dövlət olaraq mətin addımlarla irəliləyir, inkişaf edir, güclənir. Ulu öndərin siyasi kursu, yaratdığı dövlətçilik ənənələri onun layiqli davamçısı, Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bunun nəticəsidir ki, Azərbaycan regionda aparıcı, dünyada isə söz sahibi olan dövlətə çevrilib. Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi ötən 20 il ərzində Azərbaycan çox mühüm keyfiyyət dəyişiklikləri yaşayıb: ölkə hərtərəfli inkişaf edib, beynəlxalq nüfuzu artıb, maliyyə imkanları çoxalıb, insanların sosial rifahı yüksəlib, torpaqlarını işğalçılardan təmizləyib, düşmən üzərində zəfər çalaraq qalib ölkəyə çevrilib. Cənab İlham Əliyev Azərbaycanı Heydər Əliyevin arzuladığı bir səviyyəyə çatdırıb, Heydər Əliyevin görmək istədiyi ölkəyə çevirib.

Sözün əsil mənasında Ulu Öndər Heydər Əliyev Azərbaycanı tənəzzüldən-inkişafa, Prezident İlham Əliyev isə ölkəmizi tərəqqidən-zəfərə çatdırıb. Odur ki qədirbilən xalqımız Ulu Öndərin xatirəsini daim əziz tutaraq hörmət və ehtiramla anacaq, Prezident İlham Əliyevə böyük inam və ümid bəsləyərək, dövlətimiz və xalqımız naminə gördüyü möhtəşəm işlərdə daim yanında olacaqlar.

Tağı İmamverdiyev

YAP Ağstafa rayon təşkilatının məsləhətçisi