10 Avqust 2025

17 oktyabr tarixi isə nəinki füzulililərin xatirəsində, Azərbaycan dövlətinin tarixində əbədi qalacaq

Vətən müharibəsinin 21-ci günü – 2020-ci il oktyabrın 17-si hərb tariximizə Füzuli şəhərinin və ətraf kəndlərin erməni işğalından azad edildiyi gün kimi yazıldı. Dövlətimizin başçısının 2023-cü il iyulun 31-də imzaladığı Sərəncama əsasən Füzuli şəhərinin işğaldan azad edildiyi 17 oktyabr tarixi Füzuli şəhəri günü kimi qeyd olunur.

Füzuli şəhəri və rayonun böyük bir hissəsi 1993-cü il avqustun 23-də erməni silahlı qüvvələri tərəfindən işğal olunmuşdu. Sonra Prezident Heydər Əliyevin rəhbərliyi ilə aparılmış hərbi əməliyyatlar nəticəsində Azərbaycan Silahlı Qüvvələri rayonun 22 yaşayış məntəqəsini işğaldan azad etdi.

Vətən müharibəsində isə Füzuli şəhəri də daxil olmaqla rayonun 62 yaşayış məntəqəsi işğaldan azad edildi. Füzuli uğrunda gedən döyüşlər İkinci Qarabağ müharibəsinin cənub-şərq cəbhəsində ən mühüm döyüşlərindən biri idi. Uğurlu Füzuli əməliyyatı ilə, həmçinin Cəbrayıl və Xocavənd rayonunun da bir sıra yaşayış məntəqələri Ordumuz tərəfindən azad edildi.

Füzuli şəhərinin azad olunmasının əməliyyat planı özünəməxsusluğu ilə diqqət çəkir. Belə ki, Ordumuz düşmənin gözləmədiyi yerdən, tam fərqli istiqamətdən şəhərə daxil oldu. Bu qarşısıalınmaz hücum nəticəsində düşmənin yalnız bir yolu qalırdı – qaçmaq. Bu, belə də oldu. Füzuli əməliyyatı nəinki Azərbaycanın, həm də dünyanın hərb tarixində əlamətdar bir yenilikdir ki, bu gün də bir çox ölkənin hərbi məktəblərində maraqla öyrənilir.

Bir vaxtlar bu tarix Azərbaycanın dilbər guşələrindən olan Füzuli rayonunun işğal günü kimi qeyd olunurdu. Artıq həmin günlər geridə qaldı. 27 ildən sonra Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz Vətən müharibəsində yeni tarix yazdı. 44 günlük Zəfər yürüşündə hər gün qələbə xəbərləri gəlirdi. Prezident İlham Əliyev bu xoş xəbərlərdən birini də 2020-ci il oktyabrın 17-də xalqa çatdırdı: “Şanlı Azərbaycan Ordusu öz xilaskarlıq missiyasını uğurla davam etdirir… Bu gün Füzuli rayonunun bir sıra yaşayış məntəqələri işğalçılardan azad edilib – Qoçəhmədli kəndi, Çimən kəndi, Cuvarlı kəndi, Pirəhmədli kəndi, Musabəyli kəndi, İşıqlı kəndi, Dədəli kəndi və Füzuli şəhəri. Füzuli şəhəri işğalçılardan azad edilib, Füzuli bizimdir, Qarabağ Azərbaycandır!”

Bi gün işğaldan azad olunmuş Füzulidə də genişmiqyaslı tikinti-quruculuq işləri aparılır, kəndlər, qəsəbələr yenidən qurulur, avtomobil və dəmir yolları çəkilir. Görülən işlər nəticəsində oranın yerli sakinləri artıq öz doğma yurdlarına əbədi olaraq dönüşün sevincini yaşayırlar.2021-ci il yanvarın 14-də təməli atılan Qarabağın hava qapısı adlandırılan Füzuli Beynəlxalq Hava Limanı cəmi doqquz aya inşa edildi və oktyabrda Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə açılışı oldu. Bu hava limanı dünya tarixində minalanmış ərazidə qısa müddətdə tikilən ilk hava limanıdır. Hazırda Şuşaya, Ağdama, Cəbrayıla, Zəngilana, Qubadlıya gedən qonaqlar da bu aeraportdan istifadə edirlər. Füzuli azad edilmiş rayonlar arasında minaların sayına görə ən çox çirkləndirilmiş rayondur – burada yüz mindən çox mina basdırılıb. Bu da quruculuq işlərində müəyyən əngəllər törədir. Buna baxmayaraq, orada aparılan bütün quruculuq işləri dövlətimizin başçısının nəzarəti altındadır. Prezident İlham Əliyev mütəmadi olaraq Füzuli rayonuna səfərlər edir, görülən işlərlə tanış olur.

Prezident İlham Əliyev bu il oktyabrın 15-də Ağdam-Füzuli avtomobil yolunun tikintisi işlərinin gedişi ilə tanış olub. 2021-ci ilin oktyabrında təməli qoyulan və inşası sürətlə davam edən bu avtomobil yolu Qarabağ iqtisadi rayonu ərazisində icra olunan, işğaldan azad edilmiş rayon və kəndlərin sosial-iqtisadi inkişafında mühüm rol oynayacaq layihələrdən biri sayılır. Yolun inşası Bərdədən Ağdam və Füzuliyədək, həmçinin əks istiqamətdə rahat gediş-gəlişi təmin edəcək, yolboyu sosial-iqtisadi inkişafa müsbət təsir göstərəcək.

Dövlətimizin başçısı, həmçinin rayonun Cuvarlı, Qoçəhmədli kəndlərinin, Füzuli şəhərində idman, eləcə də ikinci və üçüncü yaşayış komplekslərinin, 240 yerlik uşaq bağçasının, inzibati binanın təməli qoyub. Vaxtilə Ulu Öndərin rəhbərliyi ilə Azərbaycan Ordusunun azad etdiyi Füzuli rayonunun 22 kəndində və Horadiz qəsəbəsində olduğu kimi, azad olunan torpaqlarımız da gözəl məkana çevriləcək. Vaxt gələcək Füzuli əməliyyatı hərbi kitablara daxil ediləcək. 17 oktyabr tarixi isə nəinki füzulililərin xatirəsində, Azərbaycan dövlətinin tarixində əbədi qalacaq.

Səbinə İsgəndərli

Ağstafa rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı