14 İyun 2025

15 İyun – Milli Qurtuluş Günü

Azərbaycan xalqının taleyində böyük əhəmiyyət daşıyan elə günlər var ki, həmin günlərdə onun gələcək həyatını müəyyən edən mühüm başlanğıcların əsası qoyulub. Belə günlərdən ən önəmlisi tariximizə qızıl hərflərlə yazılmış 15 İyun – Milli Qurtuluş Günüdür. Milli Qurtuluş Günü Azərbaycan xalqı üçün sadəcə təqvim bayramı deyil, böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik bir gündür.

İyunun 15-i xalqımız üçün əsl qurtuluş tarixidir. “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!” fəlsəfəsiylə yaşayan, bütün fəaliyyəti boyu Azərbaycanı düşünən dahi tarixi şəxsiyyət Azərbaycanın belə çətin, belə ağır bir vaxtında da xalqın sırasında oldu, hakimiyyətə qayıtdı. İyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçildi. Bu, yaranmış təhlükənin aradan qaldırılacağına dönməz inam idi. Müstəqillik haqqında Konstitusiya Aktı qəbul edilən vaxtdan bəri yaranmış gərginlik, əvvəl-əvvəl gizlin, sonra açıq şəkildə təzahür edən qarşıdurmalar vətəndaş müharibəsi vəziyyəti yaratmışdı. Bunun aradan qaldırılması dövlət və dövlətçilik qarşısında yerinə yetirilməli tarixi missiya idi. Milli Məclisin 1993-cü il iyunun 15-də keçirilən iclasındakı çıxışında Ulu Öndər Azərbaycan dövlətçiliyinin gələcək inkişaf strategiyasını elan etdi və sonrakı illərdə onu həyata keçirdi. Əgər müstəqilliyi qazanmaq ilkin şərt idisə, ikinci vacib məsələ onu qoruyub inkişaf etdirmək idi və bu, Ümummilli Liderin iradəsi sayəsində reallığa çevrildi. Heydər Əliyev milli dövlətçiliyimizin konsepsiyasını yaratdı. Bütün maneələrə baxmayaraq ən qısa müddətdə ölkədə ictimai-siyasi sabitlik bərpa olundu.

Dünyada çox az düha sahibinə tərk etdiyi mübarizə meydanına bir daha geri dönmək, tarixi qayıdış etmək hünəri qismət olub. Tarixi qayıdış bəşər övladına nəsib olan dühalıq siması müstəsna müdriklik keyfiyyətidir. Şəxsiyyətin iradə tükənməzliyi insan gücünün dönməzlik ifadəsidir. Tarixi qayıdış xalqa, Vətənə bağlılığın, saflıq və müqəddəsliyin doğurduğu ecazkar qüvvə, əlçatmaz yüksəklikdir. Tarixi qayıdış xalqın gücünün və əzəmətinin dirçəlişi deməkdir. Bəli, dahi şəxsiyyət, dünya şöhrətli ictimai-siyasi xadim Heydər Əliyevin tarixi qayıdışı ilə ölkəmiz əzəmətli dəyişikliklərə, milli dövlətçilik ideyalarının gerçəkləşdirilməsinə nail oldu.

Ulu Öndər ən çətin zamanda dövlətçiliyimizi məhv olmaq təhlükəsindən qorumaqla, ölkəmizdə ictimai-siyasi sabitliyi və vətəndaş həmrəyliyini təmin etməklə bu günümüzə müstəqil Azərbaycan dövlətini bəxş edib. Bununla da ən yeni tariximizdə əbədi yaşamaq hüququ qazandı. Vətən müharibəsində qazandığımız tarixi Zəfərimizin qürurunu yaşadığımız bu günlərdə müstəqil Azərbaycanın memarı və qurucusu, türk dünyasının böyük oğlu, xalqımızın ümummilli lideri Heydər Əliyevin əsasını qoyduğu güclü dövlət, sosial-iqtisadi inkişaf və yenilməz ordu quruculuğundakı xidmətlərini bir daha böyük ehtiramla anırıq.

Bu gün hər kəs, istər müstəqil Azərbaycanın vətəndaşları, istərsə də bütün dünyada yaşayan azərbaycanlılar yaxşı bilir ki, Heydər Əliyev şəxsiyyəti müasir Azərbaycanın dövlətçilik tarixində ən parlaq simadır. Azərbaycan xalqının qəlbində əbədiyaşar yerə sahib, hələ sağlığında Ümummilli Lider statusunu qazanan, Ulu Öndər kimi milyonların sevimlisi olan Heydər Əliyev müasir Azərbaycan dövlətinin xilaskarı, memarı və qurucusu kimi tarixə düşüb.

Bəli, hər kəsin bildiyi və qəbul etdiyi bir həqiqət var ki, bu, ulu öndər Heydər Əliyevin Azərbaycan xalqının xilaskarı, onun müəyyən etdiyi ideoloji xəttin müasir dövlətimizin parlaq gələcəyinin təminatçısı olmasıdır. Azərbaycan tarixində silinməz izlər qoymuş dahi şəxsiyyətin biz azərbaycanlılara bəxş etdiyi saysız-hesabsız tarixi günlər vardır ki, xalqımız bu gün həmin tarixləri əsl bayram kimi qeyd edərək dahi şəxsiyyəti böyük hörmət və ehtiramla anır.

Tağı İmamverdiyev
YAP Ağstafa rayon təşkilatının əməkdaşı