22 Dekabr 2024

12 ölkənin hüquqşünasları Bakıda: Cinayət hüququ müzakirə olundu – FOTOLAR

Bakıda Qara dəniz və Xəzər dənizi Regionu Ölkələri Hüquqşünasları Assosiasiyasının təşkilatçılığı ilə “Cinayət siyasətinin fəlsəfi-hüquqi məsələləri” mövzusunda beynəlxalq konfrans keçirilib.

Media1.az xəbər verir ki, beynəlxalq konfransda Azərbaycanın dövlət qurumlarının təmsilçiləri, Milli Məclisin deputatları, respublikanın tanınmış hüquqşünasları, QHT və KİV nümayəndələri eləcə də, Rusiya, Türkiyə, Bolqarıstan, Qazaxıstan, Serbiya, Albaniya və s. ölkələrdən nüfuzlu hüquqşünaslar iştirak edib.

Tədbirə ümumilikdə 12 dövlətdən 30-dan artıq nümayəndə qatılıb.

Tədbirin əhəmiyyətindən danışan Qara dəniz və Xəzər dənizi Regionu Ölkələri Hüquqşünasları Assosiasiyasının prezidenti, professor İlham Rəhimov bidirib ki, yeni reallıqlar cinayət hüququna yeni yanaşmalar zəruri edir.

Konfransda cinayət hüququ ilə bağlı elm adamlarının toplaşdığını deyən İ.Rəhimov bildirib ki, tədbirin Bakıda keçirilməsi təsadüfi deyil. Onun sözlərinə görə, konfrans iştirakçıları bura gəlməyin rahat olduğunu düşünərək Bakıda toplaşmaq istədilər:

“İkinci məqam isə Prezident İlham Əliyevin dediyi kimi, Bakı beynəlxalq mərkəzə çevrilib. İqtisadiyyat, siyasət, hüquqla bağlı Bakıda müzakirələr keçirilir. Burada 12 dövlətin nümayəndəsi iştirak edir. Hər bir ölkə nümayəndəsi öz ölkəsində cinayətkarlıqla bağlı problemlərə diqqət çəkəcək. Məruzələri ümumiləşdirib tövsiyələr təqdim edəcəyik. Cinayətin nə ölkəsi var, nə də sərhədi var. Ən kiçik ölkələrdə də cinayət var.Cinayət varsa, onunla mübarizə aparmaq lazımdır”.

Konfransda Saratov Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Problemlərinin Araşdırılması Mərkəzinin direktoru, professor Lopaşenko Natalya Aleksandrovna “Cinayət siyasəti: dərk olunmamış və dərkolunmaz hadisələr haqqında düşüncələr”, professor Xanlar Ələkbərov
“Müasir cinayət siyasətinin təşkilati-hüquqi və fəlsəfi problemləri” mövzusunda çıxış edib.

“Bir çox ölkənin hüquq elminin nümayəndələrinin də iştirak etdiyi beynəlxalq konfransda cinayət siyasətinin fəlsəfi, hüquqi problemləri müzakirə olundu”.

Bunu isə Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (Ombudsman) Səbinə Əliyeva tədbirdən sonra jurnalistlərin suallarını cavablandırırkən deyib. Ombudsman news24.az-a bildirib ki, cinayət siyasəti, cəza siyasəti ümumilikdə optimal cəza tətbiqinin müəyyən edilməsi və digər məsələlərlə bağlı çox maraqlı mühazirələr dinlənilib:

“Çox dərin və geniş diskussiyalar aparıldı. Hesab edirəm ki, bu sahədə fəaliyyət göstərən həm elm adamları, həm də tətbiqi prosesdə iştirak edən hər bir kəs üçün çox maraqlı bir konfrans oldu”.

Deputat Fazil Mustafa isə qeyd edib ki, hüquq cameəsinin vaxtaşırı bir araya gəlib hüququn aktual problemlərini müzakirə etməsi elmin bu sahəsinə verilə biləcək ən ciddi töhfələrdən biridir.

“Elm elədir ki, müzakirə olunduqca, fərqli fikirlər dinlənildikcə, fəqli iddialar irəli sürüldükcə hansısa sahədə müəyyən boşluqların doldurulması, yeniliklərin əldə olunması daha tez müəyyənləşir. Bu baxımdan da Qara dəniz və Xəzər dənizi hüquqşunasların işbirliyi formatında belə tədbirlərin keçirilməsi hər dəfə hüququn hansısa bir sahəsinə aid olan məsələlərin müzakirəsi və beynəlxalq formatda ayrı-ayrı ölkələrin təcrübələrinin mübadilə olunması ümumi hüquq elminin inkişafına, praktiki tətbiqlə bağlı məsələlərdə irəliləyişə səbəb olur”.

F.Mustafa bu səbəbdən də bu cür konfransların əhəmiyyətinin böyük olduğunu vurğulayıb. Deutat qeyd edib ki, burada müxtəlif elm sahəsinə hüququn ayrı-ayrı istiqamətlərinə müəyyən tətqiqatları ilə töhfə vermiş alimlərin fikirlərini dinləmək, onları müqayisəli şəkildə təhlil etmək hər bir hüquqşunas üçün yeni bir düşüncə, yeni bir anlayış əldə etmək fürsəti yaradır.

Konstitusiya Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev bildirib ki, konfrans cinayət siyasətin çox mühüm mövzularına həsr olunduğundan çox böyük əhəmiyyət kəsb edir.

“Şübhəsiz ki, konfransda müzakirə olunan məsələlərin elmi-praktik əhəmiyyətini yüksək səviyyədə artırır. Olduqca mühüm təkliflər səslənir ki, bu da cinayət siyasətinin prioritetlərini müəyyənləşdirilməsində böyük rol oynayır. Eyni zamanda, cinayət elminin inkişafına töhvə verəcək bir konfransa şahidlik edirik. Digər praktik tərəfdən isə qanunvericiliyin təkmilləşdirilməsinə töhfəsini verəcək bir tedbirdir. Xüsusilə bu gün suni intellektdən çox danışıldı ki, heyətimizın vacib bir hissəsidir”, – deyə o əlavə edib.

Ə.Nuriyev bildirib ki, suni intellekt insanın və peşə sahibinin köməkçisi olmalıdır.

“Bu istiqamətdə də alimlər tərəfindən mühüm fikirlər səsləndirildi. Düşünürəm ki, belə bir konfransın təşkil olunması olduqca vacibdir, hətta qeyd edim ki, burda elə mövzular müzakirə olundu ki, bu mövzuların hər birinə bir konfrans təşkil etmək olar.

Hüquq və cinayət hüququ dəqiq elmlər sırasındadır. Çünki burda hər hansı bir səhv insan taleyinə ciddi təsir göstərə bilər. Ona görə də bu tədbirdə alimlər tərəfindən səsləndirilən fikirlər elmə böyük töhvə verəcək”.

Digər çıxış edənlər də konfransın cinayət hüququ sahəsində rast gəlinən problemlərin, onların aradan qaldırılması yollarının təkmilləşməsi baxımdan mühüm əhəmiyyət kəsb edəcəyini bildiriblər. /Bakıvaxtı.az/

Banner