23 Dekabr 2024

103 yaşlı Azərbaycan ədliyyəsi : Noyabr ayında həm ədliyyə işçilərinin peşə bayramı olduğuna , həm də Zəfər əldə etdiyimizə görə ikiqat sevinc hissi yaşayırıq.

Ümummilli lider Heydər Əliyevin sərəncamına əsasən 22 noyabr hər il ölkəmizdə ədliyyə işçilərinin peşə bayramı kimi qeyd olunur.Xüsusilə 103 yaşlı Azərbaycan ədliyyəsinin ötən illərdən fərqli olaraq indi daha da yüksək əhvali ruhiyyədəyik,  sevincimizin həddi hüdudu yoxdur.İkiqat bayram sevinci yaşayırıq. Möhtərəm prezidentimiz İlham Əliyevin komandanlığı altında ordumuzun xalqımıza bəxş etdiyi böyük qələbə sözün həqiqi mənasında bizi bəxtiyar edib.

Ötən ilin 27 sentyabrında Ermənistanın  başında duran ağılsız rəhbərlərin ölkəmizə qarşı işğalçılıq planlarını genişləndirmək cəhdi ordumuzu əks hücum əməliyyatlarını həyata keçirməyə məcbur etdi. Və beləliklə müharibə başlandı. İllərdən bəri Qarabağ həsrəti ilə alışıb-yanan azərbaycan xalqı düşmənlə döyüşə girmək üçün ayağa qalxdı. 2020-ci ilin Tovuz hadisələri zamanı xalqın səbri tükənmiş ,hamı düşməndən intiqam almaq üçün səfərbərliyə hazır vəziyyətdə idi. Bu ölkənin balacasından böyüyünə hamı, Qarabağ Azərbaycandır! Deyib, ölkə başçısının əmrini gözləyirdi. Nəyi , nə vaxt və necə eləməyi hamıdan çox bilən Ali Baş Komandan, prezident İlham Əliyevin rəhbərliyi ilə yağı düşməndən qisas almağın artıq vaxtı gəlmişdir.

O günləri xatırlayanda xalqımızın böyüklüyünün, müdrikliyinin bir daha şahidi oluruq. İstər döyüş meydanında,istərsə də arxa cəbhədə  hamının ürəyi vətən üçün döyünürdü.Hamı bir nəfər kimi əzmkarlıqla qələbəmizin əldə olunmasına çalışırdı. Müharibənin ilk günlərindən Ədliyyə Nazirliyinin əməkdaşları, məhkəmə aparatı işçiləri və onların ailə üzvləri, habelə ədliyyə könüllüləri yüksək vətənpərvərlik hissi ilə cəbhəyə yollanaraq döyüşlərdə iştirak ediblər. Hərbi əməliyyatlarda mərdlik və rəşadət göstərmiş nazirliyin aparatının bir əməkdaşı, həmçinin 4 ədliyyə işçisinin ailə üzvü şəhid olub.

Müharibənin elə ilk günlərindən Ədliyyə nazirliyinin bütün şəxsi heyəti  ordumuzla həmrəylik nümayiş etdirərək, hərbçilərimizə, yaralananlara və şəhid ailələrinə öz dəstəyini əsirgəməyib, Silahlı Qüvvələrə Yardım Fonduna və “YAŞAT” Fonduna əmək haqlarından könüllü vəsaitlər köçürüblər. Eyni zamanda, nazirliyin tibb xidmətinin həkimləri müharibə dövründə yaralananlara zəruri tibbi yardım göstərib, ədliyyə və məhkəmə orqanlarında qanvermə aksiyaları keçirilib, nazirliyin əməkdaşları tərəfindən döyüşlərdə yaralanaraq hərbi hospitallarda müalicə alan hərbçilərimizə mütəmadi baş çəkilib və sovqatlar təqdim olunub.

Hazırda azad olunan ərazilərin bərpa olunması ilə bağlı ölkə Prezidentinin rəhbərliyi ilə nəhəng quruculuq işlərinin həyata keçirilir.Dövlət başçısının və respublikamızın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın işğaldan azad olunmuş  bölgələrə  müntəzəm səfərlər etməsi  doğma torpaqlarımızın dirçəldilməsinə böyük töhfələr verir.

Ədliyyə nazirliyinin əməkdaşları  döyüşlərdə iştirak etdiyinə və  torpaqlarımızın işğaldan azad olunması uğrunda Vətən müharibəsində iştirak etdiklərinə görə  böyük qürur hissi keçirirlər. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin ətrafında sıx birləşərək Vətənimizin müdafiəsi və tərəqqisi naminə dövlətimizə və xalqımıza layiqincə xidmət etməyi özlərinin vəzifə və vətəndaşlıq borcu sayırlar.

44 günlük müharibədə Azərbaycanın haqq işinin dünyaya çatdırılması, bölgədəki reallıqları olduğu kimi dünyaya, Beynəlxalq təşkilatlara çatdırılması istiqamətində mütəmdi olaraq səmərəli işlər görülüb.Bu ərəfədə Avropa Şurası Baş katibinin, Avropa Şurası Parlament Assambleyasının, Avropa İnsan Hüquqları Məhkəməsinin və digər ixtisaslaşmış qurumların rəhbərlərinin, habelə Avropa İttifaqı ədliyyə komissarının iştirakı ilə Avropa ədliyyə nazirlərinin videoformatda konfransı keçirilib. İlk məruzəçi qismində çıxış edən F.Məmmədov Ermənistanın hərbi təxribatlarını və dinc əhaliyə qarşı müharibə cinayətlərini, vandalizm və beynəlxalq hüququn pozulması faktlarını həmkarlarının və beynəlxalq təşkilatların yüksək təmsilçilərinin diqqətinə çatdırıb, bununla bağlı Ermənistanın beynəlxalq müstəvidə məsuliyyətə cəlb olunaraq cavab verməli olduğu vurğulanıb.

Xarici dövlətlərin ədliyyə nazirlərinə, dünya prokurorlarına, nazirliyin sıx tərəfdaşlıq etdiyi nüfuzlu beynəlxalq təşkilatlara müraciətlər ünvanlanaraq, həmçinin müxtəlif dövlətlərin səfirləri ilə görüşlər keçirilərək Ermənistanın beynəlxalq insan hüquqları və humanitar hüquq normalarını kobud surətdə pozması, müharibə və insanlıq əleyhinə cinayətləri geniş qeyd olunub, beynəlxalq birlik ədalət naminə bu məsələdə prinsipiallıq göstərərək qəti tədbirlər görməyə çağırılıb.

Bununla yanaşı, Azərbaycan ədalətli mövqeyinin təbliği və geniş yayılması məqsədilə üç dildə “Qarabağ Azərbaycandır!” elektron məlumat platforması (https://azvision.az/redirect.php?url=http://justice.gov.az/categories/1148) yaradılıb. Daim yenilənən və interaktiv rejimdə fəaliyyət göstərən platformada Vətən müharibəsi dövründə dövlət başçısının və Birinci vitse-prezidentin fədakar xidmətləri, Zəfər yürüşümüzə dair xəbərlər, sənədlər, foto və video-materiallar, hüquqi maarifləndirməyə dair nazirliyin hazırladığı materiallar əks olunub. Digər saytlara inteqrasiya olunmuş platformadan artıq minlərlə istifadəçi yararlanıb.

103 yaşlı Ədliyyə nazirliyi işini bu gün də yorulmadan, innovativ tələblər səviyyəsində qurur. Böyük inam və ruh yüksəkliyi ilə ölkə Prezidentinin ətrafında sıx birləşən ədliyyə işçiləri demokratik hüquqi dövlət quruculuğu, azad olmuş torpaqlarımızın bərpası naminə üzərlərinə düşən vəzifələri şərəflə yerinə yetirmək əzmindədirlər.

Sonda bir daha torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin ruhuna dərin ehtiramımı bildirir,qazilərimizə uzun ömür, can sağlığı arzulayıram.

Əminliklə vurğulamaq istəyirəm ki,möhtərəm cənab prezidentimizin rəhbərliyi ilə bizi qarşıda daha gözəl günlər gözləyir.İşğaldan azad olunmuş rayonlarda aparılan abadlıq,quruculuq işlərinin şahidi olmaq, şəhərlərimizi azad, abad görmək sevincini yaşayacağımız günlər uzaqda deyil.

Əfəndiyeva Məftunə Mustafa qızı

Bərdə regional ASAN xidmət mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat şöbəsinin rəisi