28 Avqust 2025

1 Avqust – Azərbaycan Əlifbası və Azərbaycan Dili Günüdür

Hər bir millətin tarixində elə dəyərlər var ki, zaman keçsə də, rejimlər, sistemlər dəyişsə də, o dəyərlər milli kimliyin, mənəvi bütövlüyün sütunu kimi qalır. Bu sütunlar dağılsa, millət öz ruhunu itirər. Azərbaycan xalqı üçün o müqəddəs sütunun adı – Azərbaycan dilidir. 1 Avqust – Azərbaycan əlifbası və Azərbaycan dili günü təkcə təqvimdə bir tarix deyil. Bu gün hər bir azərbaycanlının qəlbində dilinə olan sevgisinin, hörmətinin, qürur hissinin rəmzidir. Azərbaycan dili tarixin sərt sınaqlarından ucalaraq çıxan müqəddəs bir dildir.

XX əsrin ortalarından başlayaraq SSRİ-də milli dillərin sıxışdırılması prosesi daha da dərinləşmiş, mərkəzi hakimiyyət milli dilləri dövlət səviyyəsində arxa plana keçirməyə çalışmışdı. Belə bir dövrdə Azərbaycan dili yalnız ünsiyyət vasitəsi deyil, həm də milli müqavimətimizin, ruhumuzun simvoluna çevrilmişdi. SSRİ rəhbərliyinin yaratdığı süni məhdudiyyətlərə, təzyiqlərə baxmayaraq, Ulu Öndər Heydər Əliyev xalqının dili uğrunda əsl cəsarət və qətiyyət nümayiş etdirdi. Onun təşəbbüsü ilə 1978-ci ildə Azərbaycan SSR Konstitusiyasında Azərbaycan dilinin dövlət dili statusu rəsmiləşdirildi. Bu, həm milli özünüdərk, həm də gələcək üçün böyük zəfər idi.

Müstəqilliyimizi bərpa etdikdən sonra Azərbaycan dili dövlətçiliyimizin, milli suverenliyimizin rəmzinə çevrildi. 1995-ci ildə qəbul olunan Konstitusiyada Azərbaycan dilinin dövlət dili kimi təsbit edilməsi xalqımızın əsrlərlə çəkdiyi əziyyətin, mübarizəsinin hüquqi qələbəsi oldu. Ulu Öndərin siyasi iradəsi ilə “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Fərman, eləcə də “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” 2001-ci il tarixli Fərman qəbul edildi. Hər il avqustun 1-də bu günün qeyd edilməsi isə ana dilimizə dövlət səviyyəsində göstərilən ehtiramın parlaq ifadəsi oldu. Bu gün də Ulu Öndərin siyasi kursunu cənab Prezident İlham Əliyev inamla və ardıcıllıqla davam etdirir. Dövlətimizin başçısının ana dilimizlə bağlı fikirləri həm siyasətinin, həm də şəxsi mövqeyinin dərinliyini göstərir.

Tağı İmamverdiyev
YAP Ağstafa rayon təşkilatının əməkdaşı