04 Dekabr 2024

“Ərim məni eyvandan atmağa çalışdı” – Əməkdar artistin ailəsində qalmaqal böyüyür FOTO VİDEO

Əməkdar artist Mətanət İsgəndərlinin gəlini Canan qızının atası tərəfindən işgəncələrə məruz qaldığını iddia edib.

O, övladının işgəncə gördüyünü əks etdirən fotoları “İnstagram” hesabında paylaşıb.

Məsələ ilə bağlı Canan Musavat.com-a açıqlamasında M. İsgəndərli və həyat yoldaşı Kərimlə yaşadığı problemləri dilə gətirib:

“Uşağın döyülməsi ilə bağlı videonu çəkib Mətanət İsgəndərliyə göndərmişəm. Gəlib deyib ki, daha oğlum uşaqlara əl qaldırmayacaq. Ondan sonra Kərim məni döyməyə başladı. Uşaqlarım çox stress keçirdi, məni atalarının əlindən almağa çalışdılar. O zaman polisə müraciət etdim. Bir dəfə məni eyvandan atmağa çalışdı. Mənə maddi və psixoloji təsir göstərməyə çalışırlar. Kirayə pulunu, uşaqların ehtiyacını ödəmirlər.

Keçən günlərdə də uşaqlar üçün pul istədim, mənə gülüş işarəsi atıb, ələ saldı. Mən də əsəbiləşib uşaqların görüntülərini yaydım. İşimiz məhkəmədədir. Mətanət İsgəndərli oğlunu uşaqlıqdan işlədib, toylarda səs-küydən əsəbləri pozulub. Deyirəm ki, öz uşağının psixologiyasını pozmusan, nəvələrini qoru. Bilmirəm məndən nə istəyirlər. İstədiyim uşaqlarımı normal yaşatmaqdır. Maşınımı alıb, başqasına verirlər. Bilmirəm qazancıma çörək alım, yoxsa yol pulu edim. Ev versinlər, kirayədən uşaqlarımın canı qurtarsın”.

Uşağın döyülmə şəkillərini yaysa da, polisə şikayət etməyib - FOTO

Mövzu ilə bağlı əməkdar artist Mətanət İsgəndərli ilə əlaqə saxlasaq da o, zənglərə cavab verməyib.

Bəs, bu informasiya qadın-uşaq haqları təşkilatları tərəfindən yoxlanılırmı?



“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova Musavat.com-a bildirib ki, Cananın qayınanasından maddi kömək istəməsi doğru deyil:

“Bu məsələdən xəbərim olmayıb. Canan xanım polisə müraciət edibsə, polis araşdırma aparar. Əlində fiziki şiddətin görüntüləri varsa, bizə müraciət etsə, yardım edərik. Amma bir məsələ də var. Canan xanım da, həyat yoldaşı da yetişkin insanlardır. Onlar özləri işləyib, övladlarına baxa bilərlər. Mətanət xanımdan maddi kömək istəmələri doğru deyil. Mətanət xanım ömür boyu onlara baxmalı deyil. Əri həyat yoldaşına, uşaqlarına baxmırsa, Canan xanım iqtisadi zorakılıq kimi polisə müraciət etməlidir. Mətanət İsgəndərlidən yardım gözləməli deyil”.

Qeyd edək ki, Əməkdar artistin oğlu Kərimlə xanımı Canan ötən il ayrılıb. Cütlüyün bu nikahdan üç övladı var.

Canan ərindən ayrıldıqdan sonra qızının adını dəyişdirib. O, qızına qoyulan Mətanət adını Elayla əvəz edib.

Könül
Musavat.com