08 Sentyabr 2024

Əhalinin niyə cəmi 1 faizi rus sülhməramlılarına inanır? – Tanınmış sosioloqdan maraqlı şərh

Əhməd Qəşəmoğlu: “Əhalidə günah yoxdur, xalq gözünü açandan görüb ki…”

Strateji Tədqiqat Mərkəzinin apardığı sorğuların nəticələrinə görə, Azərbaycan əhalisinin cəmi 1%-i Rusiya sülhməramlılarının Qarabağda sülhü bərpa edəcəklərinə əminlik ifadə ediblər. Bu, ilginc nəticədir. Əhalinin 1 faizinin rus qoşunlarına inamının olması ictimai rəyin mövqeyini əks etdirir.

STM tərəfindən aparılan sorğudan gözlənilirdi ki, ən azı 20 faiz insan rus sülhməramlılarına güvənini ifadə etsin. Amma göründüyü kimi, reallıq az qala sıfırın yanındadır. Sorğu iştirakçılarının 44,6%-i isə hesab edir ki, rus sülhməramlıların bölgəmizə gəlişi neqativ nəticələrə səbəb olacaq. Bu da kifayət qədər böyük rəqəmdir. Cəmiyyətin az qala yarısı rus ordusundan müsbət iş gözləmir.

Əslində bu narahatlıq təbiidir vəi Rusiyaya ənənəvi inamsızlıqdan qaynaqlanır. Xalqın yaddaşında keçmişə söykənən hadisələr silinməyib. Söhbət 20 Yanvarda rus-sovet qoşunlarının Bakıda törətiyi qanlı qırğınlardan, Xocalıda 366-cı rus motoatıcı alayının əliyalın insanları qanına qəltan etməsindən gedir. Eyni zamanda, ötən illər ərzində Rusiyanın ayrı-ayrı siyasi dairələrinin rəsmi Bakıya təzyiqləri, təsirləri olub, zaman-zaman Avroatlantik məkana inteqrasiyanı tormozlaya biliblər. Yəni ictimai rəydə Rusiya və onun siyasətinə münasibət ürəkaçan deyil.

Ancaq maraqlıdır ki, Rusiya prezidenti Vladimir Putinin 44 günlük müharibədə Azərbaycana qarşı ədalətli mövqe tutması, “Dağlıq Qarabağ Azərbaycanın tərkib hissəsidir” bəyanatları verməsi də cəmiyyətimizdə Moskvaya inam-etibarı artırmayıb. Baxmayaraq ki, Rusiya müharibəyə qarışmadı, müttəfiqi Ermənistana lazımı dəstəyi vermədi, Putin müharibənin Azərbaycan ərazisində getdiyini açıqladı, yenə də əhali rus qoşunlarının Qarabağa yerləşməsinə pozitiv hadisə kimi baxmır. Hətta təhlükə olduğunu düşünür, özünün hərbi baza quracağını, erməni silahlı birləşmələrini qoruyacağını hesab edir.

Bunun səbəbi nədir? Sosioloqlar necə izah edə bilər? Rusiya bizdəki ictimai rəyi müsbətə dəyişmək üçün nə etməlidir?

Sosioloq Əhməd Qəşəmoğlu STM-nin keçirdiyi sorğunun nəticələri ilə bağlı “Yeni Müsavata bildirdi ki, indi sorğuların metodu dəyişməlidir. Onun sözlərinə görə, hər hansı xidmətin apardığı sorğunun nəticələri ilə əminlik yarana bilməz: “Mən ömrünü sosiologiyaya həsr etmiş biri kimi deyə bilərəm ki, bir xidmətin sorğusu ilə tam əmin olmuram. Biz bilmirik ki, sorğu hansı metodlarla keçirilib, nə dərəcədə etibar etmək olar və sair. İndiki vaxtda sosioloji sorğular spesifik metodlar tələb edir. Əvvəlki adi metodlarla bağlı sorğular mümkün deyil. İndi ayrı cür sorğu olmalıdır. Əvvəla, sorğuya cəlb etdiyin adamlar əhalini təmsil etməlidir, buna inandırmalısan. O ki qaldı 1 faizə, onsuz da başqa xidmət də bu yöndə sorğu keçirsəydi, rəqəm kiçik olacaqdı”.

Ə.Qəşəmoğlu hesab edir ki, əhalidə günah yoxdur: “Xalq gözünü açandan görüb ki, rus sülhməramlıları harada bu missiyanı həyata keçiribsə, orada narazılıq yaranıb. Eyni zamanda, 20 Yanvar hadisələrinin, Xocalı qətliamının və I Qarabağ müharibəsində rusların ermənilərə köməyi yaddan çıxmayıb. Sadəcə, əhali bəzi məsələləri təhlil etmir. İndi başqa dövrdür, Rusiya əvvəlkindən fərqli siyasət həyata keçirir. Bu siyasətin dəyişməsində dünyada gedən qlobal proseslərin də təsiri var, Türkiyənin rolu da var. Bu gün Azərbaycanın yanında güclü Türkiyə var, o cümlədən qlobal proseslər fərqli gedir. Azərbaycanın iqtisadi imkanları, hərbi qüdrəti 90-cı illərdəki kimi deyil. Ona görə Rusiya istər-istəməz fərqli siyasət aparmalıdır”.

Sosioloqun fikrincə, bu baxımdan rus sülhməramlıya indidən inamsızlıq göstərməklə tələsmiş oluruq: “Hələ bilmək olmaz, görək rus ordusunun rolu zamanla nədən ibarət olacaq. Hələlik rus qüvvələrinin orada olmasına müsbət baxıram. Rus ordusu var, biz arxayınıq ki, gecə Bərdəyə, Gəncəyə növbəti bombalar atılmayacaq. Rus sülhməramlısı var, biz üç rayona ehtiyat etmədən daxil olduq, Kəlbəcər, Laçın və Ağdam azad edilib. İndi də minalar təmizlənir. Hələlik rus ordusunun orada olması müsbət nəticə verir, bir müddət sonra onların maraqlarını biləcəyik. Onda qərar verərik, indidən qərar vermək doğru deyil”.

Emil SALAMOĞLU,
“Yeni Müsavat”